...

Baytarlıq Xidməti: Ölkənin epizootik durumu tam nəzarətdə saxlanılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2014 00:28 (UTC +04:00)
Oktyabrın 27-də axşam saatlarında Saatlı rayonunda olan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi S.Rüstəmova, eləcə də yerli baytarlıq nəzarəti xidmətinin əməkdaşları rayonun Qaracallar sahə baytarlıq məntəqəsinin Seyidlər kəndindəki təsərrüfatlarda nodulyar dermatit virus xəstəliyinə yoluxub müalicə edilmiş və hazırda müalicəsi davam etdirilən heyvanlara baxış keçiriblər.
Baytarlıq Xidməti: Ölkənin epizootik durumu tam nəzarətdə saxlanılır

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Oktyabrın 27-də axşam saatlarında Saatlı rayonunda olan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi S.Rüstəmova, eləcə də yerli baytarlıq nəzarəti xidmətinin əməkdaşları rayonun Qaracallar sahə baytarlıq məntəqəsinin Seyidlər kəndindəki təsərrüfatlarda nodulyar dermatit virus xəstəliyinə yoluxub müalicə edilmiş və hazırda müalicəsi davam etdirilən heyvanlara baxış keçiriblər.

Trend Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Mətbuat mərkəzinə istinadən xəbər verir ki, Saatlı rayonuna səfəri çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi S. Rüstəmova yerli bələdiyyə, icra nümayəndələri və ayrı-ayrı təsərrüfat sahibləri ilə görüşlər keçirib.

Görüşdə vurğulanıb ki, nodulyar dermatit virus xəstəliyi baş verəndən bu günə kimi Saatlı rayonunda baytarlıq ordusu gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Təsərrüfatlarda dezinfeksiya, dezinseksiya aparılmaqla, xəstə heyvanlarda simptomatik müalicə tədbirləri həyata keçirilib. Təəssüflə qeyd olunub ki, aparılan çoxşaxəli tədbirlərə baxmayaraq heyvanlar arasında tələfat da qeydə alınıb. Xəstəliyin dəri formasından ağciyər formasına keçməsi baytarlıq mütəxəssislərini daha gərgin fəaliyyət göstərməyə sövq edib.

Havaların nisbətən soyuması və aparılan tədbirlərlə əlaqədar xəstəliyin dinamikasında kəskin enmələr müşahidə edilir. Hazırda demək olar ki, gün ərzində 15-20 baş heyvanın nodulyar dermatit virus xəstəliyinə yoluxması barədə məlumat alınır və xəstəliyə qarşı bütün imkanlardan istifadə edilməklə ciddi mübarizə aparılır.

Görüşdən sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi S. Rüstəmova yerli baytarlıq xidməti əməkdaşlarına lazımi məsləhət və tövsiyələrini verib.

Qeyd edək ki, xəstəliyin qarşısını almaq üçün kənd təsərrüfatı naziri cənab Heydər Əsədovun tapşırığına əsasən Saatlı rayonuna, eləcə də xəstəlik qeydə alınan digər rayonlara kifayət qədər dərman preparatları göndərilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti nodulyar dermatit virus xəstəliyi ilə əlaqədar bildirir ki, ölkənin epizootik durumu tam nəzarətdə saxlanılır və xəstəliyə qarşı ciddi mübarizə tədbirləri ardıcıl olaraq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti