...

Mərkəzi Bankın tədqiqat konfransı başa çatdı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2014 17:49 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) təşkilatçılığı ilə 30-31 oktyabr 2014-cü il tarixlərində “İnkişaf etməkdə olan ölkələrdə makroiqtisadi siyasət və maliyyə sabitliyi məsələləri” mövzusunda təşkil edilmiş 1-ci Beynəlxalq Tədqiqat Konfransı öz işini başa vurub.
Mərkəzi Bankın tədqiqat konfransı başa çatdı (FOTO)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Azərbaycan Mərkəzi Bankının (AMB) təşkilatçılığı ilə 30-31 oktyabr 2014-cü il tarixlərində "İnkişaf etməkdə olan ölkələrdə makroiqtisadi siyasət və maliyyə sabitliyi məsələləri" mövzusunda təşkil edilmiş 1-ci Beynəlxalq Tədqiqat Konfransı öz işini başa vurub.

Bankdan Trend-ə verilən məlumata görə, konfransda 15 ölkənin mərkəzi bankları və universitetlərindən 30-a yaxın tanınmış tədqiqatçı, habelə ölkəmizin qabaqcıl ali məktəb, beyin mərkəzlərinin tədqiqatçıları və maliyyə-bank sferasının nümayəndələri iştirak ediblər.

Konfransı Mərkəzi Bankın sədr müavini Xəqani Abdullayev giriş nitqi ilə açaraq iştirakçıları salamlayıb, makroiqtisadi və maliyyə sabitliyi siyasətləri üzrə qlobal çağırışlara dair təqdimatla çıxış edib. O, öz çıxışında maktoiqtisadi siyasətlər, o cümlədən monetar siyasət sahəsində baş verən son meyillər, dünyada regionlar arasında müşahidə olunan müxtəlif artım templəri, fiskal konsolidasiya, qlobal risklər və onunla mübarizə məsələlərinə toxunub.

Daha sonra ABŞ-ın Cənubi Kaliforniya Universitetinin professoru Coşua Ayzenman "Post-böhran dövründə inkişaf etməkdə olan və resurslarla zəngin ölkələrin fiskal və monetar siyasət təcrübələri" mövzusunda açılış məruzəsini ediv. Belə ki, o, resursla zəngin ölkələrdə fiskal kövrəklik və pul-məzənnə siyasəti üzrə mövcud problemlərə toxunub, pro-tsiklik sektor üzrə əsas çağırışlar və onun nəticələrini müzakirəyə təqdim edib, resurs qiymətləri və institusional mühitin makroiqtisadi nəticələrinə dair geniş təhlillər verib, monetar və fiskal siyasətlər üzrə qlobal siyasət tövsiyyələrini təqdim edib.

Türkiyənin Bilkent Universitetinin professoru Refet Gürkaynak öz çıxışında mərkəzi bankçılığın optimal mandatı üzrə inkişaf etməkdə olan və resursla zəngin ölkələrin təcrübələrindən bəhs edib. Burada neft sərvətindən optimal yığım və istifadə, kapital axınlarının idarə edilməsi, cari əməliyyatlar balansı (CƏB) üzrə kəsir və işsizliyin azaldılması, inflyasiya üzərində nəzarət və makroprudensial siyasət kimi məsələlər xüsusilə vurğulanıb. O, həmçinin xüsusilə resursla zəngin ölkələrdə optimal monetar siyasət və mərkəzi bankların mandatına dair təcrübələrə də toxunub.

Əsas məruzələrdən sonra konfrans sessiyalar üzrə öz işini davam etdirib. Konfransda 7 sessiya üzrə qabaqcıl mərkəzi bankların və universitetlərdən 30-a yaxın tanınmış tədqiqatçısı, o cümlədən Mərkəzi Bankın Tədqiqatlar və inkişaf mərkəzinin tədqqiatçıları təqdimatla çıxış ediblər.

Sessiyalarda post-böhran dövründə makroiqtisadi çağrışlar, inkisaf etməkdə olan ölkələrdə pul siyasəti çərçivəsi, mərkəzi banklarda modelləşdirmə və proqnozlaşdırma təcrübəsi, kapital axını və maliyyə sabitliyi və maliyə sisteminin tənzimlənməsi problemlərinə dair aparılmış tədqiqat işlərinin təqdimatı keçirilib.

Sessiyalar üzrə əsas diqqət Avropanın keçid iqtisadiyyatlarında "əkiz kəsirlər"in formalaşması, monetar siyasətin makroiqtisadi təsirlərinin qiymətləndirilməsi, neft ixrac edən ölkələrdə iqtisadi tsikllərin formalaşmasında neftin rolu və s. kimi məsələlərə yönəldilib.

Eyni zamanda, bank kreditləşməsinə və real iqtisadiyyata kredit təklifinin təsirləri, keçid tipli ölkələrdə fiskal siyasətin dayanıqlıığı, Cənub-Şərqi Avropada böhrandan sonra kreditlərin azalması, bank böhranlarında tətbiq olunan makro-prudensial siyasətlərin effektivliyi, maliyyə vasitəçiliyi və iqtisadi artım arasında əlaqə, mərkəzi banklarda proqnozlaşdırma aparatının təkmilləşdirilməsi və s. sessiyalarda müzakirə mövzusu olub.

Konfransın sonunda sessiyalar üzrə aparılmış tədqiqat işlərinin nəticələri ümumiləşdirilib və post-böhran dövründə inkişaf etməkdə olan və resursla zəngin ölkələrdə makroiqtisadi çağırışlar, monetar siyasət çərçivəsinin formalaşması, makro-prudensial siyasət və maliyyə bazarlarının tənzimlənməsinə dair təkliflər hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti