Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Təmkin Cəfərov/
Hazırda İran və Azərbaycan arasında ticarət mübadiləsi 500 milyon dollar təşkil edir, bəzi vaxtlarda 680 milyon dollara çatır. Bu rəqəmin 20 faizi Şərqi Azərbaycan əyalətinin payına düşür. Bunu Trend-ə eksklüziv açıqlamasında İranın Şərqi Azərbaycan əyaləti başçısının siyasi-təhlükəsizlik məsələləri üzrə müavini Səid Şəbestəri deyib.
S.Şəbestəri bildirib ki, Prezident Həsən Ruhaninin Azərbaycana səfəri ilə iki ölkənin siyasi və iqtisadi əlaqələrində yeni səhifə açılır: "Biz yaranmış bu fürsətdən həm iki ölkə arasında əlaqələrin inkişafı üçün, həm də İran və Rusiya arasında ticari əlaqələrin inkişafı üçün səmərəli şəkildə istifadə etməyə çalışacağıq".
Onun sözlərinə görə, Azərbaycan İran və Rusiya arasında ticarət əlaqələrində dəhliz rolunu oynaya bilər: "Bizim üçün Azərbaycanın bu məsələdə rolu önəmlidir".
S.Şəbestəri deyib ki, Şərqi Azərbaycan əyalətində azərbaycanlı investorların bütün sahələrdə sərmayə yatırması üçün əlverişli şərait var: "Biz dost və qardaş ölkə ilə əməkdaşlıqda maraqlıyıq".
Qeyd edək ki, İranın Şərqi Azərbaycan əyalətində sənaye, mədənlər və ticarət sahəsində geniş potensial var. Bu əyalətdən ötən il digər ölkələrə 1 milyard 200 milyon dollar dəyərində məhsul ixrac olunub. Bu məbləğdən 1 milyard dollar qeyri-neft, 200 milyon dollar isə neft-kimya məhsullarının payına düşüb.