...

Marneulidə soyuducu anbar kompleksi açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2015 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, Azərbaycan Milli Məclisinin üzvü Rövnəq Abdullayev Gürcüstana səfəri çərçivəsində azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunun Candar qəsəbəsində "Agroinvest146" şirkətinə məxsus soyuducu anbar kompleksinin açılışında iştirak edib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, mərasimdə, həmçinin Gürcüstan Baş nazirinin müavini Giorgi Kvirikaşvili, Kvemo-Kartli regionunun qubernatoru Paata Xizanişvili, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və başqa rəsmi şəxslər iştirak ediblər.

Bildirilib ki, Kvemo-Kartli regionuna xidmət göstərəcək kompleks Azərbaycanın Gürcüstanda həyata keçirdiyi investisiya layihələri çərçivəsində istifadəyə verilib. Obyektin tikintisi 2013-cü ilin martında başlayıb və "AkkordGeorgia" şirkəti tərəfindən həyata keçirilib. 2 hektarlıq ərazini əhatə edən kompleksə ofis və yardımçı bina, 12 soyuducu və bir saxlama kamerası, transformator (elektrik şəbəkəsi) üçün bina, təhlükəsizlik binası, çəki məntəqəsi və su rezervuarı daxildir. Soyuducu kameraların sahəsi 4 250 kvadrat metrdir. Ət və balıq məhsulları üçün nəzərdə tutulan iki kameranın -5°C-dən -20°C-dək soyutma imkanı var. Temperaturun -5°C-dən +5°C -dək dəyişdiyi digər 10 kamerada isə meyvə və tərəvəz saxlanılacaq. Kompleksin imkanları 2 100 ton müxtəlif, 1 000 ton kənd təsərrüfatı məhsullarının saxlanılmasına hesablanıb. Müasir standartlara cavab verən soyuducu sistem Türkiyənin İMGE şirkəti tərəfindən quraşdırılıb, Almaniya istensalı olan hissələrlə təmin edilib. Ərazidə müşahidə kameralarının quraşdırılması da nəzərdə tutulub. Layihəyə görə kompleks 2x630 kilovatt yüksək gərginlikli enerji ilə təmin olunub.

SOCAR prezidenti, Azərbaycan Milli Məclisinin üzvü R.Abdullayev, Gürcüstan Baş nazirinin müavini G.Kvirikaşvili, Kvemo-Kartli regionunun qubernatoru P.Xizanişvili, Azərbaycanın Gürcüstandakı səfiri A.Hüseyn açılışdan sonra anbar kompleksinə baxış keçirib, qəsəbə sakinləri ilə görüşərək, onların problemləri ilə maraqlanıb, soyuducu anbar kompleksinin kollektivinə uğurlar arzulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti