...

Azərbaycanda qeyri-müntəzəm sərnişindaşıma lisenziyalaşdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2015 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir Azad Həsənli/

Azərbaycanda mütəmadi olmayan sərnişindaşımanı yalnız müvafiq lisenziya əsasında həyata keçirmək mümkün olacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişikliklər layihəsinin müzakirəsi çərçivəsində deyib.

Onun sözlərinə görə, bu, məsələn, ekskursiya keçirən, turistləri aparan avtobuslara aiddir: "Onlar daha əvvəl müvafiq icazə olmadan işləyirdilər, lakin indi onları lisenziyalaşdırmaq istəyirik. Burada söhbət belə avtobusların törətdiyi potensial təhlükədən gedir. Lisenziya almaq üçün onların texniki baxışdan keçdiklərinə dair sənədlər təqdim edilməli və həmin avtobuslar digər tələblərə cavab verməlidirlər".

M.Pənahov qeyd edib ki, qanuna dəyişikliklər, həmçinin avtovağzalların pasportlaşdırılmasına görə rüsumların tətbiqini nəzərdə tutur: "Bu xidmətlərə görə indiyədək dövlət rüsumunun ödənişi tələb olunmurdu. Rüsumun həcmi hələ müəyyənləşdirilməyib".

O, əlavə edib ki, digər dəyişiklik avtomibillərin texniki təminatını həyata keçirən müəssisələrin fəaliyyətinin lisenziyalaşdırılması və tənzimlənməsidir: "Dəyişikliklər onların tənzimlənməsini ehtiva edir. Bu, belə müəssisələrin texniki təminatı və avtomobillərin texniki baxışının və təmirinin peşəkarlar tərəfindən həyata keçirilməsi baxımından vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti