...

Bakıda sürət qatarlarında tariflər müəyyənləşdirilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2015 14:39 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC Minskin "Stadler" zavodundan 5 sürət qatarı alıb və onlardan ikisi artıq Bakıya gətirilib.
Bakıda sürət qatarlarında tariflər müəyyənləşdirilir (FOTO)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

"Azərbaycan Dəmir Yolları" QSC Minskin "Stadler" zavodundan 5 sürət qatarı alıb və onlardan ikisi artıq Bakıya gətirilib. Qalan qatarların çatdırılması cari ilin sonunadək gözlənilir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə əsasən, ikimərtəbəli qatarlar 919 sərnişin üçün nəzərdə tutulub. Onlar kondisioner sistemi ilə təchiz edilib, gələcəkdə isə vaqonlarda Wi-Fi-ya giriş nöqtələri quraşdırılacaq.

N.Əzməmmədov qeyd edib ki, ilkin mərhələdə I Avropa Oyunlarının keçirilməsi zamanı qatarlar Bakı Dəmiryol Vağzalından Bakı Metropoliteninin "Koroğlu" stansiyasınadək marşrut üzrə hərəkət edəcək: "Sonra onlar Bakı-Sumqayıt marşrutuna keçiriləcək".

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, hazırda Bakı-Sumqayıt dəmiryolunun əsaslı təmiri üzrə işlər aparılır. 55 kilometr uzunluğunda dəmiryol sahəsinin təmiri artıq yekunlaşıb.

N.Əzməmmədov diqqətə çatdırıb ki, Avropa Oyunlarından sonra yeni qatarların Bakı-Sumqayıt marşrutu üzrə işə salınması üçün işlər sürətlə aparılır.

Yeni qatarlarda gediş haqqının qiymətinə gəlincə, o deyib ki, tariflər o qədər də yüksək olmayacaq və bu məsələdə əhalinin sosial vəziyyəti nəzərə alınacaq: "Qiymətlər Tarif Şurası tərəfindən müəyyənləşdirilir. QSC təkliflərini təqdim etmək istəyir".

N.Əzməmmədov deyib ki, dairəvi dəmiryol xəttində 23 stansiya və dayanacaq olacaq: "QSC yaxın vaxtlarda daxili xətlərə (Yalama, İmişli və Hacıqabul) Riqadan əsaslı təmir edilmiş dəmiryol vaqonlarını buraxacaq. QSC Bakı-Tbilisi-Qars dəmiryolu üzrə Türkiyəyə sərnişindaşımanı həyata keçirmək üçün "Stadler" ilə 30 vaqonun alınmasında dair danışıqlar aparacaq. Vaqonlar Bakıya 2016-cı ildə gətiriləcək. Bundan başqa, İsveçrənin "Stadler Rail Group" şirkəti ilə daha bir layihə reallaşdırırıq. Söhbət Gəncədə vaqonların istehsalı üzrə zavodun tikintisindən gedir. Hazırda zavodun layihələndirilməsi işləri artıq başa çatıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti