...

Azərbaycanın biznes sektorunu İslam Ticarət Palatasında ASK təmsil edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2015 17:48 (UTC +04:00)
Bundan sonra İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasında (İTSKP) Azərbaycan biznes icmasını Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) təmsil edəcək.
Azərbaycanın biznes sektorunu İslam Ticarət Palatasında ASK təmsil edəcək

Bakı. Trend:

Bundan sonra İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasında (İTSKP) Azərbaycan biznes icmasını Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) təmsil edəcək.

Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş İTSKP Direktorlar Şurasının 22-ci görüşündə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasında üzvlük məsələsi nəzərdən keçirilib və bu məsələ İTSKP-nin Maliyyə Komitəsinə tövsiyə edilib.

İTSKP-nın Maliyyə Komitəsinin 55-ci görüşündə isə aşağıdakı şəkildə qərar qəbul edilib. Məlum olduğu kimi, bu günədək İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasında ölkəmizin biznes icmasını Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası təmsil edirdi. Bu gündən etbarən isə bu misiyanı ASK həyata keçirəcək. İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası ilə mövcud əməkdaşlıq müzakirə edilərək, əlaqələrin genişləndirilməsi istiqamətində müvafiq iş aparılacaq. Həmçinin palatanın təşkil etdiyi tədbirlərdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası fəal iştirak edəcək.

Qeyd edək ki, İslam Ticarət Palatası İslam Əməkdaşlıq Təşkilatının (İƏT) özəl sektorla məşğul olan, İƏT-in üzv dövlətlərində biznesin inkişafına dəstək göstərən, bu sahədə zəngin təcrübəyə malik bir qurumdur. Beləliklə, İslam Ticarət Palatası çərçivəsində ASK-nın fəal üzv olması, ümumilikdə Azərbaycanın biznes icması, eləcə də kiçik və orta sahibkarlığın inkişafı üçün faydalı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti