...

10-cu Yubiley Qafqaz beynəlxalq sərgisi

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2016 10:18 (UTC +04:00)
7-9 aprel tarixlərində Bakı Ekspo Mərkəzində 10-cu Yubiley Qafqaz beynəlxalq “Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar” HOREX Caucasus sərgisi start götürəcək.
10-cu Yubiley Qafqaz beynəlxalq sərgisi

Bakı. Trend:

7-9 aprel tarixlərində Bakı Ekspo Mərkəzində 10-cu Yubiley Qafqaz beynəlxalq "Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar" HOREX Caucasus sərgisi start götürəcək.

Xəzəryanı regionda qonaqpərvərlik sənayesi üzrə yeganə ixtisaslaşdırılmış tədbir olan HOREX Caucasus sərgisi bu il onillik yubileyini qeyd edir. Sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənir.

Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.

Sərginin təşkilatçıları qısmində isə "Iteca Caspian" və onun Böyük Britaniyalı tərəfdaşı "ITE Group" şirkətləri çıxış edirlər.

Qonaqpərvərlik və qida sektoru Azərbaycan iqtisadiyyatının dinamik şəkildə inkişaf edən qeyri-neft sahələrindən birinə çevrilmişdir və buna görə də, Azərbaycanda "BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu", "Şahmat üzrə dünya çempionatı", bir nəfərlik açıq təkərli avtomobil yarışları üzrə "Formula-1" dünya çempionatı, "İslam Həmrəylik Oyunları" və digər çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsi mehmanxana, restoran və idman kompleksləri ilə yanaşı, biznes və ticarət mərkəzlərinin də intensiv tikintisinə təkan verir.

Bütün bunlar isə HOREX Caucasus sərgisinin nə dərəcədə aktual olduğunu bir daha sübut edir.

Bu il "HoReCa" qonaqpərvərlik sektorunu təmsil edən istehsalçı və distribyutorlar tədbir çərçivəsində otel ləvazimatları və ətriyyat, habelə tekstil və uniforma, şəxsi gigiyena vasitələri, peşəkar təmizlik avadanlıqları, qida məhsulları və içkilər təqdim edəcəklər. Ənənəvi olaraq, sərgi istehsalçı şirkətlərlə yanaşı, məhsul təchizatçıları və geniş tərkibli istehlakçılar tərəfindən ziyarət olunur.

Bu gün bütün dünyada mürəkkəb qlobal-iqtisadi durumun mövcud olduğu bir vaxtda, əksər şirkətlər imzaladıqları müqavilələri və tərəfdaşlıq əlaqələrini təkrar nəzərdən keçirir və bu zaman həm qiymət, həm də keyfiyyət baxımından daha optimal təkliflərə üstünlük verirlər. Məhz HOREX Caucasus 2016 sərgisi müştərilərlə birbaşa əlaqə yaratmaq, yeni səmərəli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri quraraq bu əlaqələri genişləndirmək, eləcə də etibarlı podratçılar qazanmaq üçün unikal imkan yaradacaq. Ənənəvi olaraq, HOREX Caucasus 2016 sərgisi 15-ci Yubiley Azərbaycan beynəlxalq "Turizm və Səyahətlər" (AITF 2016) sərgisi ilə eyni meydançada keçiriləcək.

HOREX Caucasus 2015 sərgisinin rəyləri:

Rəşxan Qaraşlı, "Horeca" şirkətinin təsisçisi və baş icraçı direktoru

"Əvvəlki HOREX Caucasus sərgilərində stendimizin ziyarətçiləri müştəri bazamızın 40%-dan çox hissəsini təşkil edirdi və buna görə də, bizim bu sərgilərdə iştirakımız şirkətimiz üçün faydalı olub. Bu sərgi həm də bizim təchizatçıları bir araya gətirir və bu, bizim müştəri problemlərimizi tez həll etməyimizə və potensial sövdələşmələr barədə danışıqlar aparmağımıza kömək edir.

Stendə keçirilən görüşlər və məhsul nümayişləri müştəri tələbatlarını təhlil etməyimizə və lazımı qərarların operativ surətdə qəbul olunmasına kömək edir. Şübhəsiz ki, bu sərgidə iştirak bizim bazarda özünə yer təmin etmək istəyən gənc şirkətimiz üçün həyati əhəmiyyət kəsb edir."

Gültəkin Zeynalova, "Büllur" şirkətinin direktoru

"HOREX Caucasus sərgisi müasir satış bazarlarının müəyyən edilməsi, habelə yeni tərəfdaşlıq əlaqələrinin qurulması baxımından faydalı tədbirdir. Mən həmçinin hesab edirəm ki, "HOREX Caucasus" sərgisi böyük əhəmiyyətə malikdir. Biz gələcəkdə bu forumda fəal iştirakımızı davam etdirmək niyyətindəyik."

Vadim Misirov, "Coffee Planet Azerbaijan" şirkətinin idarəedici direktoru

"HOREX Caucasus sərgisi yeni tərəfdaşlarla münasibət qurmaq və gələcəkdə qarşılıqlı faydalı əməkdaşlığın bünövrəsini qoymaq üçün mükəmməl fürsətdir. Bu sərgidə yekun istifadəçilər üçün məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsini mütləq sürətdə təmin edəcək innovativ məhsul və texnologiyalar təklif edən bir sıra şirkətlər təqdim olunur."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti