Bakı. Azad Həsənli - Trend:
Azərbaycan iqtisadiyyatının normal işi üçün real sektora 15-20 milyard manat tələb olunur. Trend-in məlumatına görə, bunu "Atabank"ın Risk menecmenti departamentinin direktoru, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) ekspertlər qrupunun rəhbəri Elman Sadıqov Bakıda Risklərin idarə edilməsi üzrə II forumda deyib.
Onun sözlərinə görə, ölkədə daxili istehsalın artımına, yeni iş yerlərinin inkişafına və açılmasına kömək etmək iqtidarında olmayan istehlak kreditləşməsinin zərəri nəzərə alınmaqla onu minimuma endirmək lazımdır: "İstehlak kreditləşməsi ölkədən valyutanın çıxmasına gətirib çıxarır".
Risk meneceri qeyd edib ki, bir çox ölkələrdə isə əksinə olaraq, istehlak kreditləşməsi real sektorun inkişafına töhfə verir: "Məsələ burasındadır ki, bu dövlətlər istehlak kreditlərini ölkə daxilində məhsulun buraxılmasına ayırır. Nəticədə bu, iş yerlərinin, öz məhsullarının istehsalının və digər ölkələrə ixracının artmasına imkan verir. Azərbaycan kimi ölkələrdə isə istehlak kreditləri əksinə olaraq, ölkə iqtisadiyyatının inkişafını ləngidir: onların 80-90 faizi xaricə gedir, çünki ölkədə istehlak edilən məhsullar əsasən idxal olunur. İdxalın dəstəklənməsi daxili istehsalın azalmasına səbəb olur".