Bakı. Azad Həsənli - Trend:
Azərbaycanda 2017-ci il yanvarın 1-dən etibarən ödəniş qabiliyyəti olmayan bankların problemli aktivlərinin satışının üç il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunması planlaşdırılır.
Trend-in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi məsələlər, sənaye və sahibkarlıq və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iclasında deyib.
Nazir qeyd edib ki, eyni zamanda layihə ilə ödəmə qabiliyyətini itirmiş bankların restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərinin təqdim edilməsinin 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
F.Məmmədov əlavə edib ki, banklar tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendin, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi müddəti 5 ilə qədər, yəni 2021-ci ilin fevral ayınadək artırılıb.