...

Nazir: Vergi Məcəlləsinə dəyişikliklər ölkədə əlverişli biznes-mühitinin yaradılmasına yönəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2016 18:58 (UTC +04:00)
Vergi Məcəlləsinə dəyişikliklərin əsas elementlərindən biri ölkədə əlverişli biznes-mühitinin yaradılmasıdır
Nazir: Vergi Məcəlləsinə dəyişikliklər ölkədə əlverişli biznes-mühitinin yaradılmasına yönəlib

Bakı. Ənvər Məmmədov - Trend:

Vergi Məcəlləsinə dəyişikliklərin əsas elementlərindən biri ölkədə əlverişli biznes-mühitinin yaradılmasıdır. Trend bildirir ki, bu sözləri rəsmi mətbuata müsahibəsində vergilər naziri Fazil Məmmədov deyib.

Nazir deyib: “Hər şeydən əvvəl deyim ki, vergi orqanları dövlətin vergi siyasətini həyata keçirən qurumdur və əlbəttə, dövlət büdcəsinin gəlirlərinin formalaşmasına məsul orqan olaraq vergi gəlirlərinin artırılmasında maraqlı tərəfdir. Lakin ölkəmizdə həyata keçirilən vergi siyasətinin ən vacib elementlərindən biri əlverişli biznes mühitinin yaradılması, biznesin iqtisadi inkişafa yönümlü olması, dövlətin iqtisadi maraqları ilə yanaşı, sahibkarların və vətəndaşların maraqlarına cavab verməsidir”.

Onun sözlərinə görə, Vergi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından olduqca ciddi dəyişikliklər edilib:

“Son dəyişikliklərin əsas məqsədi və hədəfi kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, pul dövriyyəsinin tənzimlənməsi, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, dürüst və şəffaf uçotun qurulmasıdır. Dəyişikliklər zərfi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində, qabaqcıl beynəlxalq təcrübənin yaxından öyrənilməsi, biznesi təmsil edən təşkilatların və sahibkarların ictimai birliklərinin təkliflərinin müzakirəsi əsasında hazırlanıb.”

F.Məmmədov qeyd edib ki, ümumilikdə Vergi Məcəlləsinə 201 dəyişiklik edilib. Məcəlləyə 115 yeni maddə əlavə edilib, 83 maddəyə dəyişiklik edilib, 3 maddə isə ləğv olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti