...

Azərbaycan və Gürcüstan “Bir kəmər, bir yol” layihəsində əsas rol oynayır - "Hualing" Azad Sənaye Zonasının rəhbəri (Müsahibə) (VİDEO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2022 09:30 (UTC +04:00)
Azərbaycan və Gürcüstan “Bir kəmər, bir yol” layihəsində əsas rol oynayır - "Hualing" Azad Sənaye Zonasının rəhbəri (Müsahibə) (VİDEO)

Bakı. Maryana Əhmədova - Trend:

“Bir kəmər, bir yol” layihəsində Azərbaycan və Gürcüstan əsas rol oynayır.

Bunu Trend-ə müsahibəsində Gürcüstanda fəaliyyət göstərən "Hualing" Azad Sənaye Zonasının (ASZ) baş direktoru Soso Nibladze deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası ilə bağlı qlobal problemlərə baxmayaraq, 2021-ci ildə ASZ tutarlı investisiyalar cəlb edə bilib. Ötən il ASZ-də 25 yeni şirkət qeydiyyatdan keçib.

"2021-ci ilin ən mühüm təşəbbüslərindən biri Kanada və Çin investorları ilə birgə hazırlanmış ağac emalı və mebel istehsalı layihəsi oldu. Layihə ASZ-də məhsulların istehsalı və sonrakı ixracını nəzərdə tutur. Layihənin ilkin büdcəsi 1,5 milyon dollar təşkil edib və ümumilikdə investisiyanın 7 milyon dollara çatdırılması planlaşdırılır.

Həmçinin, yaxın vaxtlarda Çin şirkəti Hualing ASZ-nin ərazisində ferroərintilərin və silikat materiallarının (metalların) istehsalına, sonradan ixraca da başlayacaq. Layihə çərçivəsində tikinti artıq başa çatdırılıb. Ümumi investisiya 5 milyon dollar təşkil edib və bu rəqəm artacaq", - S.Nibladze qeyd edib.

Baş direktor həmçinin vurğulayıb ki, ötən il ASZ-də təkrar emal edilmiş plastik birləşmələr istehsalına başlanılıb. Bu layihəyə sərmayələr təxminən 2 milyon dollar təşkil edib. İstehsal olunan məhsullar isə ixrac olunacaq.

S.Nibladze bildirib ki, "Hualing" ASZ rəhbərliyi ən aktiv danışıqları yüngül sənaye istehsalçıları ilə aparır. Bu istiqamətdə layihələrdən biri də tekstil məhsullarının istehsalı və ixracı üzrə alman layihəsidir. Ümumi dəyəri 3 milyon avro olan müqavilə ilə bağlı danışıqlar son mərhələdədir.

S.Nibladze həmçinin "yaşıl enerji" sahəsində artıq 3 ildir icra olunan layihəni vurğulayıb. Onun sözlərinə görə, ASZ-də ən əhəmiyyətli layihələrindən biri olan günəş paneli layihəsi həm də Avropa qitəsində bu sektorda ən böyük layihədir. Bu layihəyə investisiyaların ümumi məbləği 10 milyon dollardır. 2022-ci ildə layihə Gürcüstanı Şimali Amerikaya ən böyük ixracatçısına çevriləcək.

"ASZ-də qeydiyyatdan keçmiş 90-a yaxın rezidentin əksəriyyəti ticarət, təxminən 20-25 faizi istehsal şirkətləridir. Daha 5 şirkət isə xidmət sektorunda çalışır. Bu il "Hualing" ASZ rəhbərliyi Gürcüstan hökuməti ilə sənaye zonasının ərazisinin artırılması ilə bağlı müqavilə imzalamağa hazırlaşır. Müqavilənin yaxın iki-üç ay ərzində imzalanacağı gözlənilir. Nəticədə zonanın ərazisi 58 hektara çatacaq. Hazırda azad sənaye zonasının sahəsi 36 hektardır", - S.Nibladze qeyd edib.

Onun sözlərinə görə, gələcəkdə zonanın ərazisini 200 hektara qədər genişləndirmək planlaşdırılır.

"Hualing ASZ üçün əsas ixrac istiqamətləri ilk növbədə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri, Aİ ölkələri, Şimali Amerika və Meksikadır. Sənayə zonamız Azərbaycandan olan investorlarla da sıx əməkdaşlıq edir.

Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunda bir çox Azərbaycan şirkətləri "Hualing" ASZ ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirmişdilər. Görüşlər, danışıqlar keçirildi. Bunlar əsasən əczaçılıq, istehsal və tikinti sektorlarında fəaliyyət göstərən Azərbaycan şirkətləri idi", - S.Nibeladze vurğulayıb.

O, əlavə edib ki, qlobal logistikada problemlər çətin ki, yaxın gələcəkdə həll olunacaq və bu, şübhəsiz ki, ixrac imkanlarına təsir göstərəcək. Eyni zamanda, region ölkələrinə ixraca böyük tələbatın olacağını gözləyirik, deyə baş direktor bildirib.

Çinin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Gürcüstan və Azərbaycanın əhəmiyyəti ilə bağlı sualı cavablandırarkən S.Nibladze qeyd edib ki, ölkələrimiz bu layihə çərçivəsində əsas rol oynayır və ticarətlə bağlı layihələrə gəldikdə azad zonalar kimi platformalar da eyni dərəcədə vacibdir.

Qeyd edək ki, Gürcüstandakı "Hualing" ASZ Çin investisiyaları ilə "Hualing Group" tərəfindən tikilib və 2015-ci ildə fəaliyyətə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti