...

Gürcüstanda Poti azad sənaye zonasında qeydiyyata alınmış şirkətlərin dörddə-biri Azərbaycan şirkətləridir - Baş direktor (MÜSAHİBƏ) (VİDEO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2022 15:46 (UTC +04:00)
Gürcüstanda Poti azad sənaye zonasında qeydiyyata alınmış şirkətlərin dörddə-biri Azərbaycan şirkətləridir - Baş direktor (MÜSAHİBƏ) (VİDEO)

Bakı. Maryana Əhmədova - Trend

Gürcüstanda Poti azad sənaye zonasında (ASZ) qeydiyyata alınmış şirkətlərin təxminən dörddə biri Azərbaycan şirkətləridir.

Bunu Trend-ə özəl müsahibəsində Poti ASZ-nin baş direktoru David Ebralidze deyib.

Onun sözlərinə görə, buradakı Azərbaycan şirkətlərinin əksəriyyəti ticarət sahəsində, xüsusilə də, əczaçılıq preparatları, kənd təsərrüfatı texnikası, elektrik avadanlığı, avtomobil ehtiyat hissələri və şin ixracı ilə məşğul olur.

Baş direktor Azərbaycan şirkətləri arasında metal dam örtükləri istehsal edən və 2015-ci ildən ASZ-də işləyən zavodu qeyd edib. Şirkət istehsal işə salınandan sonra Azərbaycan bazarına ən iri tikinti materialları tədarükçüsü olub. Daha bir Azərbaycan şirkəti 2021-ci ildə fəaliyyətə başlayıb və qida məhsulları istehsalı ilə məşğul olur. Müəssisə öz məhsullarını Asiya ölkələrinə və ABŞ-a ixrac etməyi planlaşdırır.

D.Ebralidze bildirib ki, iri Azərbaycan şirkətlərindən biri ASZ-də bir neçə istiqamət üzrə fəaliyyətini inkişaf etdirməyi planlaşdırır.

“Bu istiqamətlərdən biri də anbar təsərrüfatıdır ki, bu da çox vacibdir. Belə ki, ASZ-də həm anbar sahələrinə, həm də hazır istesalat tikililərinə daimi tələbat var. İnvestor, həmçinin sürtkü materialları istehsalı üzrə zavodun tikintisində maraqlıdır”, - deyə o bildirib.

O qeyd edib ki, hazırda mənşə sertifikatının əldə olunması ilə bağlı müvafiq prosedurlar həyata keçirilir, belə ki, məhsul Gürcüstanın azad ticarət sazişinin olduğu Aİ ölkələrinə ixrac olunmalıdır.

“Hazırda biz azərbaycanlı investorlarla danışıqlar aparırıq, amma adətən sənaye layihələrinin işlənməsi çox vaxt aparır, ona görə də biz nəticələri gec görəcəyik”, - o deyib.

D.Ebralidze, həmçinin 2021-ci ilin dekabrında, COVID-19 pandemiyası dövründə keçirilmiş Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli biznes forumunun vacibliyini qeyd edib.

“Bu forum bizə Azərbaycan və Türkiyədən işgüzar dairələrlə görüşmək imkanı yaratdı”, - Debralidze bildirib.

D.Ebralidze qeyd edib ki, Poti ASZ-də bir sıra infrastruktur işləri reallaşdırılıb, xüsusilə də, dəmiryol-gömrük terminalının genişləndirilməsi istiqamətində işlər görülüb.

“2021-ci ildə Poti ASZ-də icra olunmuş ən vacib layihələr tekstil isterhsalı ilə bağlı olub. Bu sahə azad sənaye zonasında aparıcı sektorlardan biridir. Ən vacib təşəbbüslərdən biri tekstil istehsalı layihəsi olub. Bunun üçün xammal əsasən Çindən idxal olunur, son məhsul isə Polşa və digər Aİ ölkələrinə ixrac edilir”, - deyə o bildirib.

2022-ci il üçün planlarla bağlı baş direktor deyib ki, bu il müxtəlif sektorlarda bir sıra yeni layihələr reallaşdırılacaq.

“Bu layihələr sırasında tekstil sektorunda daha bir layihənin icrası yer alır. İnvestisiyaların ilkin dəyəri 5,1 milyon dolar təşkil edir. Məhsul ixracı əsasən Aİ və MDB ölkələrinə yönələcək. Daha bir vacib təşəbbüs avtomobil ehtiyat hissələri istehsalı üzrə zavod olacaq. Zavodun tikintisi Çin və İtaliyadan təxminən 3,4 milyon dollarlır investisiya hesabına aparılacaq. Komponentlər həm Gürcüstan, həm xarici xammaldan hazırlanacaq və Aİ, Çin, ABŞ və Meksikaya ixrac olunacaq”, - D.Ebralidze deyib.

O əlavə edib ki, 2022-ci ildə ASZ ərazisində mis və digər əlvan metalların emalı üzrə terminalın yaradılması planlaşdırılır. Onun sözlərinə görə, layihənin dəyəri 1 milyon dollar təşkil edir.

“Ümumilikdə ötən il və bu ili əhatə edən müddət ərzində Poti ASZ-də həyata keçirilən layihələr üzrə 8,9 milyon dollar məbləğində investisiyalar nəzərdə tutulub“, - o əlavə edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti