Bakı. Trend:
Əsas istiqamətlərdən biri də tranzit potensialımızın istifadəsidir. Zəngəzur dəhlizi də həm Orta Dəhlizin ana halqası, eyni zamanda Şərq-Qərb, Şimal-Cənub Dəhlizlərinin kəsişməsində yerləşir. Buna görə də İordaniya üçün Azərbaycan bir tranzit qapısıdır və bu istiqamətdə gələn malların digər istiqamətlərə yönləndirilməsi baxımından və əksinə bu Dəhliz onlar üçün çox önəmlidir.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Bakıda Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası başa çatdıqdan sonra jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, Azərbaycan da İordaniyanın tranzit potensialından geniş istifadə etməyi planlaşdırır. Xüsusilə Orta Şərq regionunda İordaniyanın təqdim etdiyi tranzit imkanlarından da yararlanmaq düşünülür.
"Kənd təsərrüfatı sahəsində kifayət qədər potensialımız var. İordaniya bazarında bu imkanları da müzakirə etdik. Azərbaycanda 37 İordaniya vətəndaşı təhsil alır. Bütün bunlar potensiallar nöqteyi-nəzərindən çox önəmlidir. İnvestisiyadan tutmuş ticarətə qədər hər istiqamətdə imkanlarımız var. Qarşılıqlı razılıq ondan ibarət oldu ki, iki ölkənin hökümət qurumlarının, özəl sektorun, insanların bir-biri ilə təması üçün platformalar yaradaq. Bu platformalar çərçivəsində investisiya, ticarət, insanlar arasında əlaqələrin genişləndirilməsi üçün müxtəlif mexanizmlərdən yararlansınlar".
