...

Heydər Babayev: "Məqsədimiz 2006-cı ildə Azərbaycanda inflyasiyanı birrəqəmli səviyyədə saxlamaqdır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2006 17:16 (UTC +04:00)

2006-cı ilin yanvar-fevral aylarında qiymət artımı ötən ilin müvafiq aylarına nisbətən 5,7 faiz təşkil edib. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Milli Məclisində İqtisadi İnkişaf naziri Heydər Babayev məlumat verib.

H.Babayev qiymət artımını bir neçə amil ilə izah edib. Onun sözlərinə görə, bu, əsasən dünya bazarlarında məhsulların qiymətinin artımı ilə bağlıdır. Nazir qeyd edib ki, şəkər istehsalına görə Braziliyanın öndə gedən ölkə olmasına baxmayaraq, bu məhsulun qiyməti də artıb: "Bu ölkədə yanacağın qiymətinin artması nəzərə alınaraq şəkər istehsalından çox yanacaq istehsalına başlanılıb".

Nazir Azərbaycanda qiymətlərin artmasını obyektiv və subyektiv səbəblərlə izah edib. H.Babayevin fikrincə, obyektiv səbəblərdən biri quş qripi ilə bağlı toyuq ətinə olan tələbatın azalması ilə əlaqədar qiymətlərin artmasıdır. "Mal və qoyun ətindən hazırlanan ərzaq məhsullarına olan tələbat qiymətlərin artmasına səbəb olub". Nazir subyektiv səbəb kimi, iş yerlərinin yaradılmasını, gəlirlərin artmasının inflyasiyaya təsirini qeyd edib.

Qiymətlərin artmasının qarşısını almaq məqsədilə hökumət və Milli Bank tərəfindən lazımi tədbirlər görüldüyünü deyən nazir 2006-cı ildə inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması istiqamətində fəaliyyət apardıqlarını söyləyib.

Xəbər lenti

Xəbər lenti