Avqust ayının 17-də "UniBank" KB və DEG (Deutsche Investitions und Entwicklungsgesellschaft mbH) Alman Sərmayə Korporasiyası "UniBank"-a 6 mln. ABŞ dolları həcmində kredit xəttinin təqdim edilməsi barədə saziş imzalayıb. Bu vəsaitin hesabına Bank xırda və orta sahibkarlıq (XOS) layihələrini maliyyələşdirəcək. Bu barədə Trend UniBank-ın məlumatına istinadən xəbər verir.
"DEG yeni iş yerlərinin açılmasının əsası olan xırda və orta müəssisələrin maliyyələşdirilməsinin asanlaşdırılması üçün imkan olduğuna şaddır. DEG-in ən başlıca vəzifələrindən biri - XOS üçün qiymətinə və müddətlərinə görə müvafiq olan maliyyələşdirilmənin təqdim edilməsidir", - deyə DEG-in birinci vitse-prezidenti, maliyyə institutları üzrə Departamentin başçısı Andres Manfred Zaysler qeyd edib.
"Xırda və orta sahibkarların maliyyələşdirilməsi və Beynəlxalq Maliyyə İnstitutları ilə münasibətlərin inkişaf etdirilməsi - "UniBank"-ın dinamik inkişafının iki başlıca istiqamətidir. Bununla əlaqədar, DEG-lə yeni kredit sazişinin imzalanması eyni zamanda hər iki qeyd edilən vəzifəyə cavab verir. Bundan əlavə, bu kredit xəttinin vəsaiti həmçinin qeyri-neft sektorunun müxtəlif sahələrində - istehsalatda, ticarətdə, xidmətlər sahəsində layihələrin dəstəklənməsinə yardım edəcək", - deyə "UniBank"-ın İdarə Heyətinin sədri Faiq Hüseynov qeyd edib.
"UniBank" və AYİB, DEG, KfW, GTZ arasında əməkdaşlıq artıq dörd ildir ki, davam edir. DEG-dən yeni kredit gələcəkdə səmərəli inzibati strukturların yaradılmasında və institusional inkişafda Banka yardım göstərəcək. Eyni zamanda, DEG tərəfindən sərmayələşdirilmə üçün kifayət qədər yeni ölkə olan Azərbaycan, son zamanlar siyasi planda nisbətən sabit və böyük iqtisadi inkişaf potensialına malik olan bir ölkə kimi gözdən keçirilir.
Bu kredit xətti sayca "UniBank"-a DEG tərəfindən təqdim edilmiş ikinci kredit xəttidir. Cari ilin yayında "UniBank" Alman Sərmayə Korporasiyasının ümumi həcmi 3 mln. ABŞ dolları olan birinci kredit xəttinin mənimsənilməsini artıq başa çatdırıb. Bu xəttin təqdim edilməsi məsələlərini tənzimləyən saziş ötən il may ayının 31-də Berlində, Alman-Azərbaycan işgüzar konfransının gedişində imzalanıb. Bu kredit xəttinin vəsaitinin hesabına xırda və orta sahibkarlıq layihələri maliyyələşdirilib.
2005-ci ildən etibarən DEG UniBank-ın səhmdarlarından biridir və Bankın səhmlərinin 8,33% -lik payına malikdir.
DEG Avropada ən iri maliyyə inkişaf institutlarından biridir. 40 ildən artıq bir müddət ərzində DEG özəl şirkətlərin inkişaf etməkdə olan və keçid dövrünü yaşayan ölkələrə sərmayələrini maliyyələşdirib və strukturlaşdırıb.
DEG kənd təsərrüfatından infrastruktura, istehsalatdan xidmətlərə qədər, bütün iqtisadi sektorların sabit inkişafını təmin edən gəlirli layihələrə sərmayə qoyur. Həmçinin DEG yerlərdə kapital ehtiyatlarına etibarlı girişi təmin etmək üçün yerli kapital bazarlarına sərmayə qoyuluşuna cəmlənir. Hazırda DEG 1.200-dən artıq şirkətlə birgə işləyir. 6,2 mlrd. avro həcmində maliyyələşdirilmənin təqdim edilməsi sərmayələrin 41 mlrd. avro məbləğində səfərbər olunmasını mümkün edib.