Cari il noyabr ayından başlayaraq "Bank of Baku" plastik kartlar proqramı çərçivəsində yeni layihəyə start verir. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir. İri miqyaslı marketinq araşdırmaları nəticəsində bankin rəhbərliyi "Dinamik" və "Dinamik+" adlı yeni MasterCard kartlarının buraxılmasına dair qərar qəbul edib. Qərarın qəbul edilməsinin əsas səbəbi müştərilərin istehlak kreditlərinə daim artan tələbi, həmçinin kreditin verilmə sisteminin sadələşdirilməsinə böyük zərurətin yaranması idi.
Əhalinin orta təbəqəsi üçün nəzərdə tutulan "Dinamik" kartı müştərilərə 24 ay müddətinə 3000 AZN-ə qədər kredit xətti təqdim edir. Bu kredit kartı ölkə daxilində mal və xidmətlərin alınması üçün istifadə edilə bilər.
Istər ölkə daxilində, istərsə də ölkə xaricində, həm nağd pulun əldə olunması, həm də mal və xidmətlərin alınması üçün istifadə edilən "Dinamik+" kartı müsbət tarixçəsi olan müştərilərə, yəni bu layihə üzrə artıq bankdan kredit götürən müştərilərə 24 ay müddətinə 5000 AZN-ə qədər kredit xətti təqdim edir.
Bu kartlar müştərilərə istehlak kreditlərinin verilməsi sitemini yüngülləşdirəcək. Belə ki, artıq bu kartlardan birinə sahib olan müştərilər istehlak məqsədi ilə hər hansı əşya almaq üçün malın dəyərinin bir hissəsinin ilkin ödənişi, alınan malların sayı, uzun növbələrdə gözləmək kimi məhdudiyyətlərdən azad olacaq. Bu kartları əldə edən müştərilər banka gəlmədən ticarət məntəqələrində rahat alış-veriş etmək imkanına malik olacaq.