...

Azərbaycan Gürcüstanın borcunun restrukturlaşdırılması üzrə bütün dövlətdaxili prosedurları yerinə yetirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2007 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müx. İ.Xəlilova / Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın Azərbaycana olan borcunun restrukturlaşdırılması haqqında hökumətlərarası sazişi təsdiq edib.

Çərşənbə günü rəsmi mətbuatda dərc olunmuş Prezident sərəncamının mətnində qeyd olunduğu kimi, Azərbaycanın Nazirlər Kabinetinə bu sazişin reallaşdırılması üçün lazımi tədbirlərin həyata keçirilməsi tapşırılıb. Azərbaycanın Xarici İşlər Nazirliyinə bu sazişin qüvvəyə minməsi ilə bağlı lazımi dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Gürcüstan hökumətinə xəbərdarlıq göndərmək barədə göstəriş verilib.

Gürcüstanın Azərbaycana olan borcunun restrukturlaşdırılması haqqında hökumətlərarası saziş 17 avqust 2006-cı il tarixində Batumidə imzalanıb. Əsas borc və hesablanmış faizləri nəzərə alaraq, Gürcüstan Azərbaycana 22 mln. ABŞ dolları ödəyəcək. Borcun ödənilməsi restrukturlaşdırma qrafiki əsasında pullarla həyata keçiriləcək. Gürcüstanın Azərbaycana borcunun ümumi məbləği 16 189 573 ABŞ dollarıdır. Bu borc 1992-1994-cü illərdə dövlət müəssisələri arasında təsərrüfat əməliyyatları nəticəsində yaranıb.

Razılaşmaya əsasən borc üç mərhələdə ödəniləcək. Birinci mərhələdə borcun 2,7 mln. ABŞ dollarının 2006-cı ilin sonunadək ödənilməsi nəzərdə tutulmuşdu ki, bu da artıq yerinə yetirilib. İkinci mərhələdə Gürcüstan 2007-ci ildən 2021-ci ilə qədər 3,239 mln. ABŞ dolları ödəyəcək. Borcun üçüncü hissəsinin ödənilməsi 2010-cu ildə başlamalı və 2025-ci ildə başa çatmalıdır. Borc üzrə faiz dərəcəsi ildə 3% təşkil edir.

Xəbər lenti

Xəbər lenti