Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir E.Ismayılov /
İran yaxın zamanlarda Azərbaycanla beş milyard kubmetr Azərbaycan qazının alınması üzrə danışıqlara başlamağı planlaşdırır, çərşənbə günü Bakıda, beynəlxalq konfransda İran Milli Qaz Şirkətinin (NİCO) beynəlxalq münasibətlər şöbəsinin direktoru vəzifəsini icra edən Bonaqdar Hoşemi deyib.
"Çox tezliklə Azərbaycanla İran arasında Azərbaycan qazının alışı üzrə danışıqların başlaması planlaşdırılır", - Hoşemi deyib.
Onun sözlərinə görə, İran da Gürcüstana qaz satmağa hazırdır.
Ötən il Azərbaycan artıq İrana kommersiya şərtlərində 30 milyon kubmetr qazın tədarükünü həyata keçirib. Bu gün Azərbaycan İrana İİR-dən Naxçıvan Muxtar Respublikasına qaz təchizi mübadiləsi üçün qaz tədarük edir.
Azərbaycan və İranı 1474,5 kilometr uzunluğunda, o cümlədən Azərbaycan ərazisində 296,5 kilometr Qazı-Məhəmməd - Astara - Bind - Biand qaz kəməri əlaqələndirir. Onun ötürmə gücü ildə 10 milyard kubmetrdir. Bu marşrut 1971-ci ildə istifadəyə verilən Qazax-Astara-İran boru kəmərinin qoludur. Bu istiqamətində üç kompressor stansiyası tikilib - Qazı-Məhəmməd, Ağdaş və Qazaxda. Qaz-nəqliyyat sistemi 55 atmosfer təzyiqə hesablanıb. Boru kəmərinin diametri 1200 millimetrdir.
NİCO Milli İran Şirkəti "Şah Dəniz" iri qaz yatağının işlənməsi layihəsində 10 faizlik iştirak payına malikdir. "Şah Dəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzlanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) -25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, ARDNŞ - 10 faiz.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]