...

İran alternativ və bərpa olunan enerji texnologiyasını digər ölkələrə ixrac etməyə hazırdır - İranın günəş enerjisi mərkəzinin sədri

Energetika Materials 30 Sentyabr 2009 18:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr / Trend , müxbir D.Xatınoğlu/

İran alternativ və bərpa olunan enerji mənbələri texnologiyasından istifadə sahəsində, xüsusilə də günəş suqızdırıcı cihazları sahəsində öz təcrübələrini digər ölkələrlə bölüşməyə hazırdır.

İranın günəş enerjisi mərkəzinin sədri Əsgər Hacıseqti yeraltıyanacaqlar istehsalının həcminin artmasından narahatlığını bildirərək deyib ki, elektrik enerjisi əldə etmək üçün alternativ və bərpa olunan enerjidən (günəş enerjisi, biokütlə və külək enerjisi) istifadə mədəniyyəti ilə bağlı ictimaiyyət təlimatlandırılmalıdır. "Günəş enerjisindən istifadənin vacibliyi ona görə lazımdır ki, hazırda ozon qatının vəziyyəti acınacaqlı durumdadır və istilik 2-3 dərəcə artarsa, bu, çox böyük fəsadlara səbəb olacaq", - Bakıda keçirilən "Eko-enerji" konfransında iştirak etmək üçün İran nümayəndə heyətinin tərkibində Azərbaycana səfər etmiş İranın günəş enerjisi mərkəzinin sədri Əsgər Hacıseqti Trend -a bildirib.

Hacıseqtinin sözlərinə görə, hazırda İranda istehsal olunan elektrik enerjisinin bir faizi günəş və külək elektrik stansiyalarının payına düşür. "Şiraz" günəş elektrik stansiyası bir il öncə istifadəyə verilib. Hazırda hökumət 1400 MVt istehsal gücü olan ikinci günəş elektrik stansiyasının tikilməsi üçün özəl şirkətlərə icazə verib", - deyə Hacıseqti deyib.

O, günəş elektrik enerjisi istehsal edən fotoelementlərin evlərin, avtomobil dayanacaqlarının damında və eləcə də binaların bəzi hissələrində quraşdırılmasının vacibliyini vurğulayıb.

"İranın Neft Nazirliyinin dəstəyi ilə Pular və Sərəxs zavodları (Amiko məhsulları) fəaliyyətə başlayıb və günəş enerjisinin istehsalı sahəsində sənaye miqyasında işləyir və bu sahədə xidmətlər göstərir. Bu xidmətlər güzəştli qiymətlərlə alıcılara təqdim olunur", - Hacıseqti deyib.

Hacıseqti bildirib ki, İran 2025-ci ilədək alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edərək istehsal olunacaq elektrik həcmini 3 faizə çatdıracaq. "İran uzun müddət ərzində fosil yanacaqlardan istifadəni 90 faiz azalda bilər. Fikrimcə, İranda lazım olan elektrik enerjisinin 50 faizini külək və su elektrik stansiyaları, 40 faizini isə günəş elektrik stansiyaları vasitəsilə təmin etmək mümkündür", - deyə Hacıseqti deyib.

Hazırda ölkənin 43 milyon kvadratmetr ərazisi (ölkənin 26,3 faiz ərazisi) səhralıqdır və İranda ilin 300 günü günəşli hava olur. Ekspertlər hesab edir ki, İran günəş elektrik enerjisindən istifadə etməklə elektrik enerjisinə olan təlabatını ödəməklə yanaşı, regionun bəzi ölkələrinə də elektrik enerjisi ixrac edə bilər.

Hacıseqti İranda günəş enerjisindən istifadə texnologiyasının yüksək səviyyədə olduğunu və bu texnologiyaları digər ölkələrə də ixrac etməyə hazır olduqlarını bildirib. İran hazırda dünyada (İspaniya, Almaniya, ABŞ və Hindistandan sonra) 5-ci ölkədir ki, günəş elektrik stansiyalarını tikmək üçün texnologiyaya (Linear parabolic) sahibdir.

Xəbər lenti

Xəbər lenti