...

İranın neft-kimya forumunun yaradılması ilə bağlı təklifi əsassızdır – ekspertlər

Energetika Materials 10 Avqust 2010 15:40 (UTC +04:00)
İranın neft-kimya məhsulları ixracatçı ölkələrin forumunun (Petrochemical Exporting Countries Forum - PECF) yaradılması üzrə təklifi əsassızdır, - ekspertlər belə hesab edir.
İranın neft-kimya forumunun yaradılması ilə bağlı təklifi əsassızdır – ekspertlər

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir T.Konyaeva/

İranın neft-kimya məhsulları ixracatçı ölkələrin forumunun (Petrochemical Exporting Countries Forum - PECF) yaradılması üzrə təklifi əsassızdır, - ekspertlər belə hesab edir.

"Bu ideya İran rejiminin əsassız fantaziyası olmaqla, özünün dünyada təsirini göstərmək üçün axtardığı bəhanələrdən biridir", - Trend-ə elektron poçtla ABŞ Milli Təhlükəsizlik Univeristetinin professoru Pol Sallivan deyib.

Ötən həftə İranın neft nazirinin müavini Əbdülhüseyn Bayat bəyan edib ki, yaradılmasının təşəbbüskarı İran olan neft məhsulları ixracatçı ölkələrin forumuna Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr daxil ola bilər.

Bu forumun layihəsi İranın Neft-Kimya Sənayesi Milli Şirkəti tərəfindən hazırlanıb və ölkənin ali dini rəhbərinin ofisinə təklif şəklində təqdim edilib. Forumun başlıca məqsədi neft-kimya sahəsindəki müxtəlif məsələlərin maliyyə və texniki tərəflərinin müzakirəsi, onların qiymətləndirilməsi, istehsal siyasətinin və istehsal texnologiyasının seçilməsidir.

Sallivanın dediyinə görə, İran hələ də nəqliyyatın yanacaq ilə təmin edilməsi üçün benzinin çox hissəsini idxal etməyə məcburdur və neft-kimya məhsullarına olan tələbatının təmin edilməsi ilə böyük problemləri var.

"Əgər ideyanın arxasında iranlılar durublarsa, bu təşkilat, çox güman ki, yaradılmayacaq və buna görə də neft-kimya sənayesi bazarlarında böyük təsiri olmayacaq", - Sallivan hesab edir.

"Belə geniş diapazonlu siyasi və digər məqsədlərə malik kartellər, adətən, qarşılarına qoyduqları məqsədlərin çoxuna çata bilmirlər", - o qeyd edib.

Bundan başqa, Amerika ekspertinin fikrincə, OPEK-ə əlavə olaraq neft-kimya məhsulu sahəsində yeni qrupun yaradılması adıçəkilən təşkilatı zəiflədə bilər.

Neft hasil edən ölkələr tərəfindən neftin qiymətinin sabitləşdirilməsi məqsədilə yaradılan Neft İcraatçı Ölkələrin Təşkilatı (The Organization of the Petroleum Exporting Countries - OPEK) beynəlxalq hökumətlərarası təşkilatdır (bu təşkilat həm də kartel adlanır). OPEK-in tərkibinə 12 ölkə daxildir. Bunlar İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Qətər, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador və Anqoladır. Təşkilatın mənzil-qərargahı Vyanada yerləşir. 2008-ci ildə Rusiya karteldə daimi müşahidəçi olmağa hazır olduğunu bildirib.

"Bu, OPEK-in bəzi üzvlərinin xoşuna gəlməyə bilər. İranlılarla ciddi problemləri olan Səudiyyə Ərəbistanı, BƏƏ və digərlərini foruma qoşulmaq üçün yeni qrup, çətin ki, inandıra bilsin", - Sallivan bildirib.

Onun sözlərinə görə, Rusiya və Türkiyəyə gəldikdə isə, rusların OPEK-ə qoşulmadıqlarını nəzərə alaraq, bu onlar üçün heç də münasib olmayacaq. O, həm də qeyd edib ki, Türkiyə neft-kimya məhsullarının istehsalı üzrə aparıcı ölkə deyil.

"Belə birləşmə Aİ və ABŞ-ı daha da qıcıqlandıracaq, onlar bu və digər ölkələrə qarşı qoyulan bəzi məqsədlərin əldə olunmasına görə öz imkanlarının mümkün azalmasını görə bilərlər", - Sallivan vurğulayıb.

Yeni forumun yaradılması ideyasını ekspertlər həm də ona görə mənasız sayırlar ki, hətta OPEK-i çoxları təsirli hesab etsələr də, o, əslində, təsiredici qüvvəyə malik kartel deyil.

"OPEK son illər neftin qiymətləri artan zaman, buna çox da böyük təsir göstərməyib. Onun təsiri, adətən və xüsusilə son vaxtlar bu qiymətlərin azalma tempinin müəyyən dərəcədə saxlanılması ilə bildirilib", - Sallivan qeyd edib.

Onun sözlərinə görə, neft qiymətlərinin müəyyənləşdirilməsi üzrə səlahiyyətin çoxu maliyyə bazarlarına, möhtəkirlərin əlinə keçib. Siyasi hadisələr də sübut etdi ki, onlar qiymətlərin müəyyənləşdirilməsi baxımından OPEK-ə nisbətdə daha çox təsir qüvvəsinə malikdirlər.

İranəslilli Britaniya eksperti Rza Tağızadə də hesab edir ki, belə kartelin yaradılması ilə bağlı ideya qeyri-realdır.

"İran dünya ilə əlaqəsini nümayiş etdirməyə və öz sənaye sahələrinin bir hissəsinin nəzarəti və tənzimlənməsi üçün modellərdən istifadə etməyə səy göstərir. Bu, köhnəlmiş modellərdir və onlar yeni dünya iqtisadiyyatında hansısa məqsədlərə nail olmaq üçün vasitə ola bilməz", - Qlazqo Universitetinin professoru Tağızadə elektron poçtla bildirib.

Onun sözlərinə görə, müasir dünyada və azad bazar iqtisadiyyatı şəraitində yeni kartel, trest və birliklərin yaradılması üçün yer yoxdur.

Xəbər lenti

Xəbər lenti