...

Almaniyanın RWE şirkəti Kürdüstan hökuməti ilə "Nabukko" boru kəmərinin qazla təmin edilməsi üçün saziş imzalayıb

Energetika Materials 27 Avqust 2010 21:07 (UTC +04:00)
RWE şirkəti İraqda Kürdüstan regional hökuməti ilə daxili və ixrac qazının nəqli, Kürdüstanın böyük qaz ehtiyatlarının bazarlara çıxarılması üçün marşrutların yaradılması məqsədilə əməkdaşlıq haqqında saziş imzalayıb.
Almaniyanın RWE şirkəti Kürdüstan hökuməti ilə "Nabukko" boru kəmərinin qazla təmin edilməsi üçün saziş imzalayıb

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir E.İsmayılov/

RWE şirkəti İraqda Kürdüstan regional hökuməti ilə daxili və ixrac qazının nəqli, Kürdüstanın böyük qaz ehtiyatlarının bazarlara çıxarılması üçün marşrutların yaradılması məqsədilə əməkdaşlıq haqqında saziş imzalayıb. Bu barədə RWE-nin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Əməkdaşlıq "Nabukko" boru kəməri ilə qazın regiondan Türkiyə və Avropaya nəqli üçün sazişin bağlanmasını da nəzərdə tutur. İxracdan əldə olunan gəlir İraqın bütün regionlarına sərf olunacaq. Bundan başqa, regionların bərpasına lazımi kömək göstəriləcək.

Təbii ehtiyatlar naziri Aşti Xavraminin dediyinə görə, İraqda Kürdüstanda qaz ehtiyatlarının yerləşməsi onların təhlükəsiz və sərfəli Avropa bazarına çıxmasını təmin etmək üçün ideal yerdir. "Bu qazın "Nabukko" boru kəməri ilə ildə 20 milyard kubmetrədək daşınması bizim üçün prioritet vəzifədir, eləcə də bizim Avropa və Türkiyə ilə onsuz da yaxşı olan münasibətlərimizə xidmət edəcək", - Xavrami qeyd edib.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək.

"Nabukko" qaz kəmərinin tikintisi iki əsas fazanın gedişində həyata keçiriləcək. Tikintinin birinci fazasına (2011-ci il) Türkiyə sərhədindən başlayaraq Avstriyanın Baumqarten şəhərində başa çatan 2 min kilometr uzunluğunda boru kəmərinin çəkilişi daxildir. İkinci fazaya (2014-2015-ci illər) boru kəmərinin Türkiyə və Gürcüstan, eləcə də Türkiyə ilə İraq arasında yerdə qalan hissəsinin tikintisi daxildir.

"Nabukko" qaz kəmərinin uzunluğu 2730 kilometr olan birinci hissəsinin tikintisinə Ankaranın (Türkiyə) cənub hissəsindən başlanacaq və qərb istiqamətində Mərkəzi Anadolu və Mərmərə dənizindən keçərək Bolqarıstan sərhədinədək uzanacaq. Bu marşrutun 75 faizi mövcud boru kəmərləri vasitəsilə çəkiləcək.

Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti