...

ARDNŞ "Şahdəniz" yatağından qaz qəbulunu artırıb

Energetika Materials 21 Noyabr 2011 20:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan yanvar-oktyabrda "Şahdəniz" qaz-kondensat yatağından 1,75 milyard kubmetrdən çox qaz alıb. Ötən ilin analoji dövründə bu rəqəm 1,71 kubmetrə bərabər olub. Bu barədə bazar ertəsi Trend-ə ARDNŞ-dən məlumat veriblər.

Yanvar-oktyabrda əldə edilən qazın 405,5 milyon kubmetri ARDNŞ-nin "Şahdəniz" layihəsindəki iştirak payına düşür, bu yataqdan qalan təxminən 1,35 milyard kubmetr qaz isə ARDNŞ tərəfindən alınıb.

2010-cu ildə Azərbaycan "Şahdəniz" qaz-kondensat yatağından təxminən 2,2 milyard kubmetr qaz əldə edib. 2009-cu ildə bu göstərici təxminən 1,3 milyard kubmetr təşkil edib. 2010-cu ildə əldə edilmiş ümumi qazın həcmindən 557,4 milyon kubmetri ARDNŞ-nin "Şahdəniz" layihəsindəki iştirak payına düşüb, bu yataqdan qalan 1,6 milyard kubmetrdən çox qaz isə ARDNŞ tərəfindən alınıb.

Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LUKoil" - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Hazırda qaz Cənubi Qafqaz qaz kəməri vasitəsilə Gürcüstan və Türkiyəyə nəql edilir.

Xəbər lenti

Xəbər lenti