Azərbaycan, Bakı, 30 dekabr /Trend müxbir E.İsmayılov/
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il üzrə büdcəsinin təsdiqlənməsi barədə fərman imzalayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyinin məlumatında deyilir.
Təsdiqlənmiş büdcəyə görə, Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin gəlirləri 10 697 030,6 min manat, xərcləri 10 561 304,0 min manat məbləğində müəyyən edilib.
Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin gəlirləri Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən 10 365 432,0 min manat məbləğində xalis gəlirlər, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən 8 137 min manat həcmində akrhesabı ödənişlər, Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən 319 218,8 min manat həcmində gəlirlər və 900 min manat məbləğində digər daxilolmalar hesabına formalaşır.
Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir: Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi - 110 milyon manat; respublikanın 2012-ci il dövlət büdcəsinə transferi - 9 905 milyon manat; Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi 200 milyon manat; Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi- 252 484,0 milyon manat; 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi - 20 milyon manat.
Fondunun idarə edilməsi ilə bağlı xərclər 73 820,0 min manat səviyyəsində təsdiqlənib.
Azərbaycan Prezidentinin fərmanı ilə Dövlət Neft Fondunun 2012-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası da təsdiqlənib.
ARDNF-nin aktivləri təxminən 32,1 milyard dollar təşkil edir.
Dekabrın 30-na olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.