Azərbaycan, Bakı, 23 yanvar / Trend müxbir S.Əliyev/
Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinə dair müqavilə Avropa İttifaqı (Aİ) və ABŞ-ın İrana qarşı qəbul etdiyi bütün qərarlara, sanksiyalara və icraçı sənədlərə tam riayət edir. Bu barədə bazar ertəsi Trend-ə BP Azerbaijan şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı bildirib.
Onun sözlərinə görə, "Şahdəniz" layihəsi Azərbaycan, Gürcüstan və Türkiyə üçün əsas qaz mənbəyidir. Həmçinin bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün iri qaz tədarükü təklif edir.
Bir müddət öncə "Wall Street Journal" qəzetinin yazdığına görə Aİ ABŞ-la İran şirkətlərinə tətbiq edilən sanksiyaların İranın layihədə 10 faiz paya malik olduğu NICO şirkətinin şəxsində təmsil olunduğu "Şahdəniz" layihəsinə aid edilməməsi ilə bağlı danışıqlar aparır.
İran şirkətinin Avropanın enerji təhlükəsizliyini təmin edəcək bu layihədə iştirakı onun reallaşdırılmasına heç cür təsir etmir. Bu yatağın işlənməsi üzrə müqaviləyə (PSA) görə, layihə ilə bağlı hansısa qərarın qəbul edilməsi üçün 70 faiz iştirak payına malik olan səhmdarların qərarının olması vacibdir. Beləliklə, 10 faiz iştirak payına malik İran şirkəti bu layihə üzrə qərara təsir edə bilməz.
"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LUKoil" - 10%, TPAO - 9%, ARDNŞ - 10%.
Azərbaycanın "Şahdəniz" qazkondensat yatağının (ehtiyatlarının həcmi 1,2 trilyon kubmetr) işlənməsi üzrə konsorsium hazırda Avropaya qaz ixracının mümkün marşrutlarını nəzərdən keçirir. O cümlədən "Cənub qaz dəhlizi" marşrutuna baxılır.