...

Bakı Ali Neft Məktəbi ARDNŞ-ni yüksəkixtisaslı mühəndislərlə təmin edəcək

Energetika Materials 25 İyul 2012 14:39 (UTC +04:00)
Bakı Ali Neft Məktəbi tədris üçün qəbul imtahanlarında 600-dən çox bal toplayan tələbələri cəlb etmək niyyətindədir.
Bakı Ali Neft Məktəbi ARDNŞ-ni yüksəkixtisaslı mühəndislərlə təmin edəcək

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir E.İsmayılov/

Bakı Ali Neft Məktəbi tədris üçün qəbul imtahanlarında 600-dən çox bal toplayan tələbələri cəlb etmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ali məktəbin rektoru Elmar Qasımov bildirib.

Onun sözlərinə görə, ali məktəb iki ixtisas - neft-qaz mühəndisliyi və kimya mühəndisliyi üzrə 100 tələbə üçün qapılarını açacaq. Gələcəkdə mühəndislik ixtisasına qəbulun sayının artırılması planlaşdırılır.

Məktəbdə tədris beş il ərzində ingilis dilində aparılacaq. İlk il ərzində tələbələr ingilis dilindən intensiv kurs keçəcəklər, qalan dörd ildə isə ixtisasları üzrə təhsil alacaqlar.

Qasımov qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) xaricdə fəaliyyət və layihələr çərçivəsində ingilisdilli mütəxəssislər lazım olduğundan, tədrisin ingilis dilində aparılması zəruridir. Həmçinin ingilis dilində tədris müxtəlif ölkələrin universitetlərindən mühazirəçiləri dəvət etməyə imkan verəcək.

"ARDNŞ-nin yeni müəssisələrində tətbiq ediləcək avadanlıq ingilis dili biliklərini tələb edir", - Qasımov qeyd edib.

Onun sözlərinə görə, ali məktəbdə tədris pulsuz aparılacaq. Tələbələrin aylıq təqaüdü 100 manat olacaq, həmçinin adlı təqaüdlər nəzərdə tutulub. Hər bir tələbə kompüterlə təmin ediləcək.

"Məktəbə qəbul və orada tədris zamanı kəmiyyətə deyil, keyfiyyətə üstünlük vermək niyyətindəyik. Pulsuz təhsil istedadlı gənclərin aşkar edilməsi üçün şərait yaradır" , - Qasımov bildirib.

Onun sözlərinə görə, ali məktəbin digər üstünlükləri orada ali təhsil almış hər bir tələbənin ARDNŞ-nin tərkibinə daxil olan müəssisə və qurumlarda işlə təmin edilməsi olacaq.

Xəbər lenti

Xəbər lenti