...

Natiq Əliyev: Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və hazırda tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verir

Energetika Materials 12 Dekabr 2012 15:53 (UTC +04:00)
Sənaye və Energetika Nazirliyində Fransanın GDF SUEZ şirkətinin nümayəndə heyəti ilə müzakirələr aparılıb.
Natiq Əliyev: Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və hazırda tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verir

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Sənaye və Energetika Nazirliyində Fransanın GDF SUEZ şirkətinin nümayəndə heyəti ilə müzakirələr aparılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin Fransanın GDF SUEZ şirkətinin vitze-prezidenti Jean Marie Daugerlə görüşündə belə bir fikir xüsusi olaraq vurğulanıb ki, Azərbaycan və Fransa arasında energetika sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün gözəl perspektivlər var.

Nazir Azərbaycanın son illər iqtisadi sahədə qazandığı uğurlar, əldə olunan yüksək nəticələr barədə qonaqlara geniş məlumatlar verərək bildirib ki, ölkəmiz öz enerji təhlükəsizliyini yüksək səviyyədə təmin etməyə nail olub: "Təsdiqlənmiş qaz ehtiyatlarımız 2,2 trilyon kubmetrdən artıqdır. Bu, gələn onilliklər ərzində ölkəmizə beynəlxalq bazarlarda qazın mühüm təchizatçısı olmaq imkanını yaradacaq. Azərbaycan, həmçinin enerji nəqli infrastrukturuna sərmayə qoyub. Prioritetlərimizdən biri təchizat marşrutlarının şaxələndirilməsidir. Bu gün 7 neft və qaz kəməri resurslarımızı müxtəlif təchizat marşrutları ilə dünya bazarlarına çıxarır. Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və hazırda tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlərdən biri Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikilməsi idi. O, tarixdə ilk dəfə olaraq Xəzər və Aralıq dənizlərini birləşdirdi. Biz, həmçinin Xəzərin şərq sahilindən Avropa və beynəlxalq bazarlara neft təchizatçıları üçün çıxışın təmin edilməsində tranzit ölkə kimi öz rolumuzu oynayırıq. Biz təchizatda olduğu kimi, tranzitdə də etibarlı ölkəyik. Digər tarixi nailiyyət qazımızın ixracı üçün dəhliz açmış Cənubi Qafqaz qaz boru kəmərinin tikintisi oldu".

Əliyev yeni layihələrdən də danışıb, xüsusilə "Trans Anadolu" (TANAP) layihəsinin əhəmiyyətindən geniş bəhs edib.

Nazir xüsusi olaraq qeyd edib ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır və enerji təhlükəsizliyi məsələsinə yanaşma ondan ibarətdir ki, enerji resursları ölkələri və xalqları ayırmalı deyil, birləşdirməlidir: "Enerji resursları rəqabət və ya toqquşmaya deyil, regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir. Təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqları üst-üstə düşməli və daha çox proqnozlaşdırma və qarşılıqlı faydaya aparmalıdır".

Sənaye və energetika naziri Fransanın "Total" və "Qaz de Frans" enerji şirkətlərini Xəzər dənizinin Azərbaycan sektorunda yeni "Abşeron" qaz yatağının uğurlu kəşfi münasibətilə bir daha təbrik edərək bildirib ki, bu yataq Azərbaycanın enerji potensialını, eləcə də Avropanın enerji təhlükəsizliyini gücləndirəcək.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də diqqətə alınıb. Jean Marie Daugerin rəhbərlik etdiyi nümayəndə heyətinə şirkətin yeni aktivlər üzrə baş vitse-prezidenti Philipe Hochart, Xəzər regionu və LNG üzrə vitze-prezident Hayke Libold və Abşeron BV şirkətinin Bakıdakı ofisinin icraçı direktoru daxil idilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti