...

Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının birgə bəyannaməsi imzalanıb

Energetika Materials 29 Fevral 2016 16:40 (UTC +04:00)
Fevralın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının iştirakçıları iclasın yekunları üzrə birgə bəyannamə imzalayıblar.
Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının birgə bəyannaməsi imzalanıb

Bakı. Trend:

Fevralın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" (CQD) Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının iştirakçıları iclasın yekunları üzrə birgə bəyannamə imzalayıblar.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerinin iştirakı ilə sənədi toplantıda iştirak edən 12 nazir imzalayıb.

Bəyannamədə Avropa bazarlarının Azərbaycanın enerji daşıyıcıları ilə etibarlı, təhlükəsiz və davamlı şəkildə təminatı məqsədilə enerji resurslarının istehsalçıları, tranzit ölkələr və istehlakçılar arasında uzunmüddətli strateji münasibətlərin inkişafı və dərinləşdirilməsi məramı vurğulanır. "Cənib Qaz Dəhlizi" Məşvərət Şurasının 2015-ci il fevralın 12-də keçirilmiş birinci iclasından ötən müddət ərzində CQD layihəsinin icrası istiqamətində əldə edilmiş nailiyyətlər yüksək qiymətləndirilir. Əldə olunmuş nəticələrin "Cənib Qaz Dəhlizi" layihəsinin vaxtında və uğurla icrasına şərait yaratmaqla strateji hədəflərə çatmağa xidmət edəcəyi bildirilir.

Bundan başqa, "Cənib Qaz Dəhlizi" layihəsinin yerinə yetirilməsi üzrə bütün hüquqi prosedurların və tənzimləyici tədbirlərin müvafiq ölkələr tərəfindən yerinə yetirilməsi təqdir edilir. Layihənin Avropa İttifaqı sərhədlərindən kənar bazarlara, o cümlədən Balkanlara doğru genişləndirilməsi məqsədilə mövcud və perspektiv imkanların qiymətləndiriləcəyi qeyd edilir. Bu məqsədlə Yunanıstan-Bolqarıstan interkonnektor qaz kəməri və "İon-Adriatik" qaz kəməri layihəsinə xüsusi maraq göstərildiyi bildirilir.

Bununla yanaşı, CQD çərçivəsində layihələrin maliyyələşdirilməsi üçün milli və Avropa maliyyə institutları ilə gələcək əməkdaşlıq və effektiv mexanizmlərin möhkəmləndirilməsi dəstəklənir. Bildirilir ki, Avropa Komissiyasının dəstəyi ilə "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi məsələlərini həll etmək üçün strateji enerji tərəfdaşlığının inkişafı məqsədilə enerji birliyinin baza strategiyasından ən yaxşı şəkildə istifadə edilməlidir.

Bəyannamədə CQD-nin imkanlarının artırılması üçün yeni təchizatçı, yaxud tranzit ölkələrin cəlbi ilə əlaqədar yarana biləcək məsələlərin həlli məqsədilə ikitərəfli və çoxtərəfli işçi qrupları səviyyəsində məsləhətləşmələr formatının davam etdirilməsi niyyəti bildirilir.

Həmçinin "Cənib Qaz Dəhlizi"nə əlavə təchizatçıların qoşulması və qaz həcmlərinin artırılması ilə layihənin imkanlarının maksimum şəkildə istifadə olunması üçün səylərin artırılması yekdilliklə bəyan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti