Bakı. Trend:
Bakı və Abşeron yarımadasında, o cümlədən respublikanın rayonlarında hava şəraitinin dünəndən etibarən kəskin pisləşməsi ilə əlaqədar “Azərişıq” ASC-nin əməkdaşları gücləndirilmiş rejimdə işləyir.
Bunu Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.
T.Mustafayevin bildirdiyinə görə, respublikanın bəzi dağlıq rayonlarına güclü küləklə müşayiət olunan qar və sulu qarın yağmasına baxmayaraq, elektrik enerjisi ilə təchizatda ciddi problem qeydə alınmayıb. O cümlədən, Bakı və ətraf qəsəbələrdə əhali elektrik enerjisi ilə fasiləsiz təmin edilir.
Qurum rəsmisi qeyd edib ki, bu, Azərbaycanda elektrik enerjisi təchizatı şəbəkəsinin yenidən qurulması, infrastrukturun yenilənməsi istiqamətində “Azərişıq” ASC-nin son illərdə gördüyü işlərin nəticəsidir: "Dayaqların yenilənməsi, naqillərin kabellə əvəzlənməsi, yeni transformatorların quraşdırılması və digər görülən işlər imkan verib ki, hava şəraitinin kəskinləşməsinə baxmayaraq, abonentlərin elektrik enerjisi ilə təchizatını fasiləsiz həyata keçirək. Artıq tam əminliklə deyə bilərik ki, hava şəraitinin kəskinləşməsi nəticəsində şəbəkədə əvvəllər müşahidə olunan kütləvi qəzalar baş vermir, hansısa fasilələ yarananda isə əməkdaşlarımızın çevik müdaxiləsi ilə qısa zamanda aradan qaldırılır”.
T.Mustafayev əlavə edib ki, “Azərişıq” ASC hazırkı hava şəraiti ilə bağlı yerlərdə operativ növbətçiliyi gücləndirib, mümkün qəza hallarını çevik aradan qaldırmaq üçün bütün zəruri mal-material ehtiyatları görülub.