...

SOCAR üçün pandemiya dövrünün əsas çağırışı məhz insanları ixtisara salmadan, əməliyyat dayanıqlığının qorunması olub

Energetika Materials 18 Yanvar 2021 09:40 (UTC +04:00)

Bakı. Trend:

Qarabağda SOCAR-ın perspektivli startaplarda pay sahibi kimi və ya tərəfdaş şəklində iştirak etməsi uzaq ehtimal deyil.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov Trend-ə müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

- COVİD-19 pandemiyası ilə bağlı mövcud məhdudiyyətləri nəzərə alsaq 2020-ci il bütün neft-qaz şirkətləri üçün və o cümlədən SOCAR üçün çətin bir il kimi yadda qaldı. SOCAR bu çətinliklərin öhtəsindən necə gəldi? Mövcud məhdudiyyətlərin şirkətin fəaliyyətinə təsirinin yumşaldılması üçün hansı tədbirlər görüldü? 2021-ci ildə SOCAR-ın dayanıqlığınin daha da artırılması üçün hansı tədbirlərin görülməsi nəzərdə tutulub?

- 2020-ci il neft tarixində ən ağır illərdən biri kimi yadda qalacaq. Bəzi təhlilçilər pandemiya nəticəsində dünyada 1 milyondan çox neftçinin işsiz qalacağını ehtimal etmişlər. Başqa şirkətlər kimi SOCAR da ötən ildə pandemiyanın mənfi təsirlərinə məruz qalıb, lakin, digərlərindən fərqli olaraq, kütləvi ixtisarlara yol verməməyə çalışıb. Deyə bilərik ki, SOCAR üçün pandemiya dövrünün əsas çağırışı məhz insanları ixtisara salmadan, əməliyyat dayanıqlığının qorunması olub.

Azərbaycan prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə bir neçə il əvvəl yaradılan OPEC+ əməkdaşlıq formatı çərçivəsində aprel ayında hasilatın birgə şəkildə məhdudlaşdırılması ilə bağlı qərar verilib. Bu qərar ümumilikdə neft sənayesinin və SOCAR-ın iqtisadi vəziyyətinə müsbət təsir göstərmişdir. Azərbaycanda əsasən quruda yerləşən bir çox neft yataqlarının istismar müddəti 100 ildən çoxdur. Köhnələn yataqlarda neftvermə əmsalı, təbii olaraq, azalıb. Neft qiymətinin aşağı düşdüyü bir dövrdə onların işlənməsi qeyri-rentabel olur. Buna görə OPEC+ razılaşmasından irəli gələn öhdəlikləri yerinə yetirərkən, SOCAR məhz aşağı rentabelli yataqların işlənməsini, müvəqqəti olaraq, dayandırdı.

Bütün dünyada yanacaq məhsullarına tələbatın azaldığı dövrdə, bilirsiniz ki, bir çox neft emalı zavodları da müvəqqəti dayanmışdı. SOCAR-ın neft emalı zavodlarında isə, dövri təmir müddəti istisna olmaqla, istehsal davam etdi. Zavodlarımız bazarın dəyişən tələbatına uyğunlaşaraq, məhsul çeşidlərinin nisbətini bir qədər dəyişərək, əməliyyatlarını davam etdirməyə nail oldular. Misal üçün, Türkiyədə dizelin böyük hissəsi idxal olunur. Ümumi tələbat azalanda da, Türkiyə daxilində istehsal edilən əlavə dizel həcmlərinə tələbat olur. SOCAR-ın STAR NEZ-i daha az təyyarə yanacağı və daha çox dizel istehsal etməklə, pandemiya dövrünə uyğunlaşa bilmişdir. Oxşar yanaşma Bakıda Heydər Əliyev adına NEZ-də də tətbiq olundu. Əliağadakı Petkim neft-kimya kompleksimiz də məhsulların çeşidlərində bir qədər modifikasiya edərək, pandemiya dövrünün ehtiyacına uyğunlaşdı. Petkimdə maska və digər tibbi ləvazimatın istehsalı üçün lazım olan maddələrin istehsalına başlanıldı. Bazarın tələbatına uyğunlaşmaqla, Petkim böhran ilində hətta mənfəətini artırmağa nail oldu. Sumqayıtdakı Azərikimya İB Azərbaycan və qonşu ölkələrdə dezinfeksiya maddələrinə olan tələbatı qarşılamaq üçün izopropil spirtinin istehsalına başladı.

Düny üzrə hasilatın məhdudlaşdırılması nəticəsində bir çox həmkarlarlmız, faktiki olaraq, fəaliyyətsiz qalıb. Lakin şirkət onları işdən çıxarmayıb və hazırda həmin işçilərin məşğuliyyətini təmin etmək üçün onların səriştəsinin qiymətlərndirilməsi aparılır. Əgər bir işçinin indiyə qədər fəaliyyət göstərdiyi sahələrdə işçi qüvvəsinə tələbat azalıbsa, o SOCAR-ın dəstəyi ilə öz bacarıqlarını təkmilləşdirərək və ya ixtisasını dəyişərək SOCAR daxilində və ya başqa şirkətlərdə müxtəlif sahələrdə iş üçün müraciət edə bilər. Hazırda SOCAR öz işçiləri üçün beynəlxalq səviyyəli təlimlər keçirməklə, onlara ixtisasartırma və ikinci ixtisasa yiyələnmə üçün geniş imkanlar yaradır.

Digər tərəfdən SOCAR-da kənardan işə qəbul məhdudlaşdırılıb. SOCAR daxilində yaranan vakansiyalar məhz fəaliyyətsiz qalan işçilər üçün nəzərdə tutulur. Şirkət daxilində onların müsabiqə yolu ilə yer dəyişməsi üçün şərait yaradılır. Görülmüş bu tədbirlərin nəticəsində SOCAR ötən il işçilərin kütləvi ixtisarından var keçməyə nail oldu. İnsanları kütləvi ixtisara məruz qoymadan, dayanıqlığın qorunub saxlanılması SOCAR-ın ötən ildə bəlkə də ən mühüm nailiyyəti sayıla bilər.

SOCAR-ın dayanıqlığının artırılması ümumilikdə uzunmüddətli proses və böyük layihədir. Bu məsələ pandemiyadan da əvvəl gündəmdə idi. Müasir dövrün əsas xüsusiyyəti və davamlı çağırışı pandemiya deyil, dördüncü sənaye inqilabıdır. Sənaye 4.0 nəticəsində əmək bazarında vəziyyət sürətlə dəyişir. Yaxın illərdə bir çox ənənəvi peşələr tarixə qovuşacaq. Bununla bərabər, dünyada proqramlaşdırma, data təhlili kimi sahələrdə yüzmilyonlarla yeni iş yerləri yaranacaq. Rəqəmsal səriştələrə malik olan mütəxəssislər yalnız İT sektorunda deyil, sənayedə və müxtəlif xidmət sahələrində də tələb olunur. Yaxın zamanda rəqəmsallaşmadan irəli gələn ixtisasdəyişmə tələbi bütün cəmiyyətlər üçün ən aktual məsələyə çevriləcək. Pandemiya onun aktuallığını bir qədər də yaxınlaşdırdı.

Odur ki, SOCAR-da bu il başlanılan kadrların transformasiya layihəsinin təcrübəsi, düşünürəm ki, gələcəkdə başqa şirkət və qurumlar üçün də faydalı ola bilər. Proqramlaşdırma, kodlaşdırma dilləri, data təhlili sahələrində əhali üçün keçirilən təlimlərin sayı ölkəmizdə ciddi şəkildə artırılarsa, nəinki SOCAR, bəlkə bütün ölkə iqtisadiyyatı öz dayanıqlığını təmin edərək, yüksək artım sürətinə nail ola bilər. SOCAR kimi dövlət təsisatlarında çalışan işçilərin səriştəsini artırmaqla onların özəl sektora uğurlu keçidinə də şərait yarada bilər. İxtisas dəyişən işçi qüvvəsinin bir qismi isə qurumun və ya şirkətin öz ehtiyaclarına uyğun cəlb oluna bilər. Necə deyərlər, insanlara balıq paylamaq əvəzinə onlara balıq tutmağı öyrətmək yaxşıdır. Düşünürəm ki, işçilərin gələcəyinə biganə qalmamaq, onları qəflətən ixtisara salmaq əvəzinə inkişaf etdirmək, dayanıqlı iş yerləri üçün onlara dəstək vermək dövlət şirkətlərinin sosial öhdəliklərinə də uyğun olan bir yanaşmadır.

- Azərbaycan 2020-ci ilin sonunda ilk dəfə olaraq Xəzər dənizi hövzəsində Avropa bazarına qaz resurslarının daşınmasını təmin edəcək nəhəng Cənubi Qaz Dəhlizini işə saldı. Bu layihə Azərbaycan iqtisadiyyatına hansı dividentlər gətirəcək?

- Cənub Qaz Dəhlizi tarixdə ilk dəfə Azərbaycan qazının Avropa bazarına birbaşa çıxışını təmin etmişdir. CQD Şahdəniz yatağının işlənməsi ilə yanaşı, 3500 km məsafə üzərindən Azərbaycandan Avrpaya qədər uzanan üç boru kəmərindən ibarətdir. İki qitəni birləşdirən bu boru kəmərlərinin hər birində SOCAR səhmdar qismində iştirak edir. Odur ki, gələcəkdə CQD-in ötürücü gücünün artırılması üçün qərar verilərsə, Azərbaycan təkcə öz qazının satışından deyil, dəhliz vasitəsi ilə nəql oluna bilən üçüncü tərəflərin də qazın nəqlindən qazanc əldə edə bilər. CQD ilə Azərbaycan Avropanın qaz bazarına öz çıxışını təmin edib. Ölkəmiz Avropaya qaz satışlarını həyata keçirməkdə heç kimdən asılı deyil. Beləliklə, CQD Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini gücləndirib. CQD Avropa Birliyinin strateji layihələri sırasında yer tutur və buna görə onun işə düşməsi ilə Azərbaycanın Avropa və digər tərəflər üçün strateji əhəmiyyəti ciddi şəkildə artıb.

- Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin gələcəkdə artırılması perspektivlərini nəzərə alaraq Azərbaycanda digər yataqlardan hasil ediləcək qazın bu layihəyə cəlb edilməsi planlaşdırılırmı? Hansı yataqlardan söhbət gedir?

- SOCAR-ın öz imkanları ilə işlətdiyi Ümid-Babək strukturunda hasilat artımı davam edir. bp şirkəti ilə birlikdə Şəfəq-Asiman strukturunda, Abşeron yarımadasının dayazsulu hissəsində kəşfiyyat işləri aparılır. Bu və digər yeni yataqların işlənməsi yaxın illərdə başlaya bilər. Abşeron yatağının ilk qaz mərhələsindən sonra, tammiqyaslı işlənməsi də çox uzaq perspektiv deyil. Bu yataqdan ilk qaz həcmləri daha çox daxili bazar üçün nəzərdə tutulursa, sonrakı mərhələdə çıxarıla bilən əlavə həcmlər ixraca yönləndirilə bilər. Sadaladığım bu struktur və yataqlarda hasil ediləcək qazın gələcəkdə CQD ilə nəql olunması istisna olunmur. Bununla yanaşı, CQD-nin ötürücü gücünün artırılması ilə bağlı qərar verilərsə, başqa ölkələrin də qaz təchizatçısı kimi dəhlizə qoşulması aktuallaşa bilər.

- SOCAR-ın Azərbaycandakı fəaliyyətinin rəqəmsallaşması hansı mərhələdədir? Bu istiqamətdə yeni layihələrin hazırlanması nəzərdə tutulurmu? Rəqəmsallaşma SOCAR-ın ölkədəki fəaliyyətinin əsasən hansı sahələrini əhatə edir?

- Bir neçə il əvvəl SOCAR rəqəmsal transformasiya proseslərini idarə etmək üçün Xəzər İnnovasiya Mərkəzi (CIC) şirkətini təsis etmişdir. CIC SOCAR-da bütün istifadə olunan müxtəlif növ proqram təminatlarını detallı şəkildə təhlil etmiş, boşluqları təyin etmiş, optimallaşdırılması lazım olan sahələri müəyyən etmişdir. CIC kəşfiyyat və hasilat (upstream) sahəsində rəqəmsal layihələrin icrasına 2018-ci ildən etibarən başlamışdır. Risklərin və qeyri-müəyyənliklərin daha çox olduğu qazma sahəsi tamamilə SAP ERP platforması üzərində qurulmuşdur – burada quyuların planlaşdırmasından, qazılaraq istismara verilməsinə qədər bütün proseslər avtomatlaşdırılmış şəkildə idarə edilir. Bundan əlavə dünyada ilk dəfə olaraq SAP UFAM (Upstream Field Activity Management) platforması tətbiq edilərək, neft və qaz hasilatı sahəsində bütün proseslər sistemləşdirilmiş və avtomatlaşdırılmışdır. Yeni nəsil texnologiyalardan olan “machine learning” daxil olmaqla, bir çox yeni texnologiyalar artıq SOCAR-ın Azneft İB tərəfindən istifadə olunur. Sistemlərimiz bizə öncədən quyuda gözlənilən hasilat göstərilcilərini, mümkün risklər və hadisələr haqqında məlumat verir.

Bundan əlavə, layihələrin dəyərinin avtomatik şəkildə sistemdə resurs metodu əsasında hesablanması, təhlükəsizlik və sağlam ətraf mühit ilə əlaqədar işlərin avtomatlaşdırılması 2021-ci ildə geniş şəkildə yenə də SAP platforması üzərində tətbiq ediləcəkdir və bununla da təhlükəli işlərin icrasına nəzarət sistemləri, işçilərin sertifikatlaşdırılması, müvafiq qaydada işlərin yerinə yetirilməsi və bədbəxt hadisələrin baş vermə riskinin minimuma endirilməsi əsas hədəflərdən biridir. Prediktiv və koqnitiv yanaşmalı həll yolları bütün sahələri əhatə edəcəkdir.

SAP UFAM platformasını, yəni neft və qaz hasilatında baş verən bütün prosesləri (analiz, monitorinq, modelləşdirmə, planlaşdırma) vahid sistemdə icra edən, fasiləsiz çalışmasını təmin edən peşəkar yerli komanda artıq formalaşmışdır.

Azərkimya başda olmaqla, emal (downstream) sahəsində də avtomatlaşdırma işləri aparılır. Vahid baza və məlumatlar toplusu yığıldıqdan sonra dördüncü sənaye inqilabının standartlarına cavab verən sistemlər fəaliyyət göstərəcək. Data analizi, əşyaların interneti, video analitika və bir çox yeni nəsil texnologiyalar şirkətimizdə tətbiq olunmasını nəzərdə tutan plan artıq hazırdır.

- Otuz ilə yaxın davam edən erməni işğalından sonra Azərbaycan öz torpaqlarını azad etdi. Məlum olduğu kimi, həmin ərazilər təbii resurslarla olduca zəngindirlər. Həmin ərazilərlə bağlı SOCAR-ın fəaliyyət planı nədən ibarətdir?

Azad olunmuş ərazilərə insanlarımızın davamlı qayıdışı üçün orada dayanıqlı iqtisadiyyatın yaradılması ən başlıca şərtdir. Qarabağ neft mədənləri ilə məşhur olmasa da, kənd təsərrüfatı və turizm baxımından böyük potensiala malikdir. Hazırda SOCAR Azərbaycan fermerlərini karbamid gübrəsi ilə təmin edir. Karbamid zavodunun istehsal həcmləri azad olunmuş ərazilərdə də kənd təsərrüfatını müvafiq gübrə növü ilə təchiz etməyə imkan verir.

Digər inkişaf edən ölkələr kimi Azərbaycan da resurs iqtisadiyyatından bilik iqtisadiyyatına doğru transformasiya mərhələsindən keçir. Bu istiqamətdə, Qarabağda gələcəkdə yüksək səviyyəli innovasiya mərkəzləri, texnoloji startaplar, tədqiqat mərkəzləri yaradılarsa, SOCAR və digər böyük şirkətlər onlarla əməkdaşlıq etmək marağında ola bilər. Misal üçün, SOCAR-ın hökümətə təqdim etdiyi yeni inkişaf strategiyasında vençur investisiyalarından bəhs olunur. Düşünürəm ki, gələcəkdə istər Qarabağda, istərsə də ölkəmizin digər guşələrində SOCAR-ın perspektivli startaplarda pay sahibi kimi və ya tərəfdaş şəklində iştirak etməsi uzaq ehtimal deyil.

- 2020-ci ilin ən mühüm hadisələrindən biri də “Abşeron” yatağı üçün dayaq bloklarının təməlqoyma mərasiminin keçirilməsi oldu. Hazırda yataq üzrə hansı işlər görülməkdədir?

Abşeron layihəsi çərçivəsində hazırda platformanın quraşdırılması ilə yanaşı, sualtı boru kommunikasiyaları çəkilir. Boru içində boru texnologiyası əsasında tikilən sualtı xəttlər platformanı Neft Daşları ilə birləşdirəcək. Oradan isə məhsul mövcud xəttlərlə sahildəki terminala ötürüləcək. 2020-ci ilin sonuna qədər “Abşeron ilk qaz” layihəsi çərçivəsində 61%-dən çox iş həcmi tamamlanmışdı. Platformanın dayaq bloku quraşdırılıb, svayların vurulması işləri davam etdirilir. İlk qaz hasilatı 2022-ci ildə gözlənilir.

- Qarabağ yatağı ilə bağlı layihə hansı mərhələdədir və bu yatağın işlənməsi ilə bağlı 2021-ci il üçün hansı planlar nəzərdə tutulub?

- Qarabağ yatağı üçün tikilmiş dayaq blokunun quraşdırılması istiqamətində işlər davam etdirilir. Kommunikasiya xətlərinin Azəri-Çıraq-Günəşli platformalarır və neft-qaz xəttləri ilə birləşdirilməsi konsepsiyası mövcuddur. Bu istiqamətdə tərəfdaş şirkətlərlə birlikdə mühəndislik işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti