...

bp "Şahdəniz"də hasilatın ən yüksək səviyyəsinə çatmağa çalışır - Regional prezident

Energetika Materials 4 Fevral 2023 12:51 (UTC +04:00)
bp "Şahdəniz"də hasilatın ən yüksək səviyyəsinə çatmağa çalışır - Regional prezident
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

bp şirkəti "Şahdəniz" yatağında hasilatın ildə 26 milyard kubmetr qaz olmaqla yeni ən yüksək səviyyəsinə çatmaq istiqamətində çalışmağa davam edir.

Trend-in məlumatına görə, bu barədə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qeri Cons fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında çıxışında deyib.

"Məmnuniyyətlə bildirmək istəyirəm ki, "Şahdəniz" layihəsi möhtəşəm göstəricilərlə fəaliyyət göstərməkdədir. 2022-ci ildə bu nəhəng yataqdan 25 milyard kubmetrdən çox qaz hasil edilib ki, bu da planlaşdırılandan artıqdır. Bu fenomenal göstərici isə demək olar ki, 100% qurğu, quyu və ixrac etibarlılığı və dünyasəviyyəli əməliyyat səmərəliliyi ilə təhlükəsiz şəkildə əldə olunub", - regional prezident deyib.

Qeri Cons bu gün "Şahdəniz"in bp-nin dünya miqyasında istismar etdiyi ən böyük sualtı hasilat sistemi olaraq qaldığını qeyd edib.

"Hazırda onun qurğuları gündə təxminən 74 milyon standart kubmetr qaz hasilatı gücünə malikdir − Ötən ilin ortalarında biz Şahdənizdə ikinci dərinsulu cinahı, cənub-qərb cinahını işə saldıq. Və ildə 26 milyard kubmetr qaz ən yüksək sabit hasilat səviyyəsinə çatmaq istiqamətində işimizi davam etdiririk. Bu məqsədlə biz indi əsas diqqəti qalan sualtı tikinti işlərinə və quyu proqramımıza yönəltmişik. Şahdəniz sualtı hasilat sistemi təxminən 200 kvadrat kilometrlik nəhəng bir ərazini əhatə edir. Bu sistem ən müasir sualtı texnologiyalar və mürəkkəb infrastrukturdan ibarətdir. Bu möhtəşəm sualtı hasilat sistemi Xəzərdə bir ilkdir və bp-nin dünya miqyasında istismar etdiyi ən böyük sualtı hasilat sistemidir. Biz hazırda onu daha da genişləndiririk", - o deyib.

Qeyd edək ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatlarına görə, 2022-ci ilin yekunlarına əsasən "Şahdəniz" yatağında 25,2 milyard kubmetr təbii qaz hasil olunub.

"Şahdəniz"in təsdiqlənmiş ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat olaraq dəyərləndirilir.

"Şahdəniz" layihəsində iştirak payı aşağıdakı kimidir: bp (operator) – 29,99 faiz, LUKOYL – 19,99 faiz, TPAO – 19 faiz, SOCAR – 14,35 faiz, NICO – 10 faiz və SGC – 6,67 faiz.

Tvitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti