...

Əlcəzair karbohidrogenlərin 50%-dən çoxunu ölkə daxilində emal etməyi planlaşdırır – Nazir

Energetika Materials 20 May 2025 21:33 (UTC +04:00)
Əlcəzair karbohidrogenlərin 50%-dən çoxunu ölkə daxilində emal etməyi planlaşdırır – Nazir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

Əlcəzair karbohidrogen ehtiyatlarının 50 faizdən çoxunu ölkə daxilində emal etməyi qarşıya məqsəd qoyub.

Trend xəbər verir ki, bunu Əlcəzairin Dövlət Naziri, Energetika, Mədən və Bərpa Olunan Enerji Naziri Mohamed Arkab İslam İnkişaf Bankının (İİB) İllik Toplantısı çərçivəsində keçirilən “Dayanıqlı İqtisadiyyatlara Doğru: İİB-nin Üzv Ölkələrində Davamlı İnkişaf üçün Diversifikasiya Strategiyaları” adlı panel müzakirələrində bildirib.

Nazirin sözlərinə görə, energetika və mədənçıxarma sektoru Əlcəzair iqtisadiyyatının əsas hərəkətverici qüvvəsidir: “Bu sektor ölkə ixracatının 90 faizini, ÜDM-in 20 faizini və dövlət büdcəsi gəlirlərinin 50 faizini təmin edir”.

Arkab qeyd edib ki, Əlcəzair hökuməti iqtisadiyyatın şaxələndirilməsi istiqamətində üç əsas sahəyə fokuslanır: karbohidrogenlərin emalı, elektrik enerjisi və bərpa olunan enerji mənbələrinin inkişafı, eləcə də mədənçıxarma sektorunun gücləndirilməsi.

“Məqsədimiz karbohidrogenlərin 50 faizdən çoxunu yerli səviyyədə emal etməkdir. Hazırda bu göstərici 30 faizə çatıb. Neft-kimya sənayesinin inkişafı və mövcud neft emalı zavodlarının modernləşdirilməsi ilə bu istiqamətdə daha da irəliləyirik”, – deyə nazir bildirib.

O, Səudiyyə Ərəbistanından olan tərəfdaşların dəstəyi ilə həyata keçirilən, illik gücü 5 milyon ton olan yeni neft emalı zavodunu da nümunə kimi göstərib.

Arkab əlavə edib ki, elektrik enerjisi də ölkənin iqtisadi keçid strategiyasında mühüm rol oynayır: “Sənaye və kənd təsərrüfatı sahələrini əhatə edən geniş elektrik şəbəkəsi qururuq. Bu, davamlı inkişaf üçün əsas şərtlərdən biridir”.

Nazir həmçinin mədənçıxarma sənayesinə də xüsusi diqqət yetirildiyini bildirib: “Biz dəmir filizi və qurğuşun-sink yataqları da daxil olmaqla, mineral ehtiyatların hasilatı və emalı üzrə genişmiqyaslı layihələrə başlayırıq. Bu layihələr yalnız iqtisadi dəyər yaratmır, həm də xüsusilə işsizliyin yüksək olduğu regionlarda məşğulluğu artırır”.

Sonda nazir vurğulayıb ki, bu sahələrin inkişafı təkcə iqtisadi artım deyil, həm də Əlcəzairin texnoloji müstəqilliyinə nail olmaq baxımından mühüm rol oynayacaq:
“Məqsədimiz yalnız resursların hasilatı deyil, onların emalı, əlavə dəyərin yaradılması, texnologiyalara yiyələnmək və ölkənin sənaye potensialının gücləndirilməsidir”, – deyə Arkab yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti