...

Enerji səmərəliliyi Azərbaycanda böyük potensiala malikdir – Ekspert

Energetika Materials 10 Dekabr 2025 09:54 (UTC +04:00)
Enerji səmərəliliyi Azərbaycanda böyük potensiala malikdir – Ekspert
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan enerji səmərəliliyi sahəsinin geniş inkişaf imkanlarına malikdir.

Trend xəbər verir ki, bunu bütövlük (inteqrasiya) idarəetməsi üzrə menecer Süleyman Süleymanov Bakıda keçirilən “Asset Integrity & Corrosion and Coatings Conference” tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son illər ölkənin enerji bazarının təhlili göstərir ki, enerji səmərəliliyi, enerji monitorinqi və dayanıqlılıq istiqamətləri növbəti mühüm mərhələ kimi ön plana çıxır:

"İlkin mərhələdə enerji təminatı və icarəsi sahəsində fəaliyyət göstərən şirkətlər sonradan diqqəti mövcud resurslardan daha səmərəli istifadəyə yönəldiblər. Ötən il Energetika Nazirliyi tərəfindən elan olunan tender çərçivəsində məişət və sənaye sektorunda, o cümlədən fabriklərdə enerji auditlərinin aparılması nəzərdə tutulub. Bu məqsədlə yüksək enerji istehlakına malik 40-dan artıq müəssisədən məlumatlar toplanıb, onların bir qismində isə pilot layihə kimi ətraflı enerji auditi həyata keçirilib.

Aparılan təhlillər ölkədə enerji səmərəliliyi sahəsində əhəmiyyətli potensialın mövcud olduğunu üzə çıxarıb. Hazırda Energetika Nazirliyi ilə birgə kogenerasiya istiqamətində layihələr üzərində işlər aparılır".

O eyni zamanda vurğulayıb ki, bununla yanaşı, Asiya İnkişaf Bankının maliyyələşdirdiyi istilik sistemlərinin dekarbonizasiyası və bərpa olunan enerji mənbələrinin inteqrasiyasına dair texniki yardım layihəsində də yerli şirkətlərin iştirakı təmin olunur. Mütəxəssis daha sonra qeyd edib ki, enerji səmərəliliyi bərpa olunan enerji layihələrindən fərqli olaraq vizual olaraq hiss edilən sahə deyil:

"Günəş və ya külək enerji qurğularını fiziki olaraq görmək mümkün olduğu halda, enerji səmərəliliyinin nəticələri daha çox istehlakın azalması və resurslardan qənaətli istifadə formasında özünü göstərir. Bununla yanaşı, bərpa olunan enerji layihələri adətən yüksək kapital qoyuluşu tələb etdiyi halda, enerji səmərəliliyi mövcud infrastrukturun düzgün təhlili və optimallaşdırılması hesabına həyata keçirilir".

"Dövlət-özəl tərəfdaşlığı çərçivəsində reallaşdırılan layihələr enerji səmərəliliyinin inkişafına töhfə verir və bu istiqamətdə işlərin davam etdirilməsi planlaşdırılır", - S. Süleymanov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti