Bakı. Trend:
Trans-Adriatik boru kəməri (TAP) 2026-cı ilin yanvar ayından etibarən qazın nəqli üzrə yeni saziş (Gas Transportation Agreement – GTA) çərçivəsində əlavə uzunmüddətli ötürücülük gücünü istifadəyə verir.
Bu barədə Trend-ə TAP AG konsorsiumundan bildirilib.
"Avropa üçün strateji enerji infrastrukturu kimi geniş şəkildə tanınan, uzunluğu 3 500 kilometr olan Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edən TAP 2026-cı ilin yanvarından etibarən qazın nəqli üzrə yeni saziş çərçivəsində əlavə uzunmüddətli güc təqdim edir. Bu həcm 2021-ci ildə keçirilmiş bazar sınağının nəticələrinə əsasən bron edilib",- deyə məlumatda qeyd olunur.
TAP AG-dən vurğulanıb ki, əlavə gücün istismara verilməsi Xəzər qazının Avropaya tədarükünə başlanmasından beş il sonra həyata keçirilir ki, bu da boru kəmərinin yüksək etibarlılığını və Avropanın enerji təchizatı mənbələrinin şaxələndirilməsinə verdiyi əhəmiyyətli töhfəni təsdiqləyir.
Qeyd edək ki, Azərbaycan qazının TAP marşrutu üzrə Avropaya ixracına başlanmasından ötən beş il ərzində 54 milyard kubmetrdən artıq qaz tədarük olunub.
TAP Xəzər dənizində yerləşən “Şahdəniz” yatağından hasil olunan təbii qazın birbaşa Avropa bazarlarına nəqlini təmin edir.
