...

SOFAZ-ın Ərəb Enerji Fondu ilə tərəfdaşlığı gəlirliliyin artımı istiqamətində atılmış addımdır - İnqilab Əhmədov

Energetika Materials 24 Fevral 2026 10:02 (UTC +04:00)
SOFAZ-ın Ərəb Enerji Fondu ilə tərəfdaşlığı gəlirliliyin artımı istiqamətində atılmış addımdır - İnqilab Əhmədov
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Ərəb Enerji Fondu və Azərbaycan Dövlət Neft Fondunun CVC DIF şirkəti ilə birlikdə DIF7 fondu ilə paralel investisiya həyata keçirəcək birgə investisiya mexanizminin yaradılması üzrə tərəfdaşlığı fondun uzunmüddətli strategiyasının məntiqi davamı və onun beynəlxalq mövqelərinin möhkəmləndirilməsi kimi qiymətləndirilməlidir.

Bunu Trend-ə azərbaycanlı iqtisadçı-ekspert İnqilab Əhmədov bildirib.

Onun sözlərinə görə, bu saziş son illərin davamlı tendensiyasına tam uyğun gəlir:

“Fond artıq bir neçə ildir ki, “BlackRock” kimi iri oyunçular da daxil olmaqla, böyük beynəlxalq maliyyə qrupları ilə əməkdaşlığı gücləndirir və qlobal portfel investisiyalarında iştirakını genişləndirir. Bu kontekstdə yeni tərəfdaşlıq SOFAZ-ın son illərdə izlədiyi strategiyaya tam uyğundur”.

Ekspert vurğulayıb ki, söhbət yalnız ərəb fondu ilə əməkdaşlıqdan getmir:

“Layihədə logistika, texnologiya, daşınma və saxlama sahələrinə investisiyalar üzrə ixtisaslaşmış Avropa infrastruktur-logistika şirkəti CVC DIF də iştirak edir. Bu isə razılaşmaya əlavə dərinlik qazandırır, çünki bu tip layihələr yalnız investisiya deyil, həm də geo-iqtisadi əhəmiyyət daşıyır”.

İ.Əhmədov qeyd edib ki, əvvəlki danışıqlar zamanı da şaxələndirmə və geosiyasi təsir potensialına malik iri investisiya və logistika layihələrinin prioritetliyi xüsusi vurğulanıb.

Onun sözlərinə görə, bir sıra hallarda bu layihələr enerji transformasiyası və bərpa olunan enerji mənbələrinin inkişafı məqsədləri ilə də üst-üstə düşür. Bu baxımdan hazırkı saziş əlamətdar və strateji baxımdan vaxtında atılmış addım hesab oluna bilər.

Ekspert həmçinin, SOFAZ-ın investisiya portfelinin coğrafi strukturuna diqqət çəkib: “Hazırda fondun portfel investisiyalarının ən böyük payı ənənəvi olaraq Avropanın üzərinə düşür (təxminən 26 faiz, Şimali Amerikanın payı isə təqribən 24 faiz təşkil edir). Əhəmiyyətli hissəni həmçinin qızıl aktivləri tutur. Beləliklə, uzun müddət əsas investisiya fəallığı avroatlantik məkan üzərində cəmlənmişdi.

Lakin Qərb bazarlarında artan qeyri-müəyyənlik və volatillik fondu obyektiv olaraq daha geniş coğrafi şaxələndirməyə sövq edir. Son illərdə SOFAZ ərəb suveren fondları və iri investisiya strukturları ilə fəal əməkdaşlıq edir, MENA regionunda iştirakını tədricən artırır”, - deyə o bildirib.

Ekspert bu regionu nisbətən sabit, yüksək ödəmə qabiliyyətinə malik və uzunmüddətli inkişaf yönümlü hesab edir ki, bu da onu investisiyalar üçün perspektivli istiqamətə çevirir.

Onun sözlərinə görə, fondun aktivlərinin artdığı şəraitdə tematik, tərəfdaşlıq və coğrafi şaxələndirmə xüsusilə aktuallaşır. Gəlirliliyin artırılması daha düşünülmüş investisiya siyasəti tələb edir: qızıl qiymətlərinin artımı amili nəzərə alınmasa, mənfəətin yüksəlməsi yalnız riskləri düzgün qiymətləndirən və real gəlir təmin edən keyfiyyətli, yaxşı hesablanmış investisiyalar hesabına mümkündür. Ekspertin fikrincə, yeni saziş məhz bu məntiqə uyğundur.

Azərbaycanla Yaxın Şərq ölkələri arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi baxımından tərəfdaşlığın əhəmiyyətinə dair suala cavab verən İ.Əhmədov bildirib ki, bu istiqamətdə müsbət tendensiya artıq son 5–10 ildə müşahidə olunur: “İri ərəb şirkətləri Azərbaycanda bərpa olunan enerji layihələrində iştirak edir, paralel olaraq digər iri investisiya təşəbbüsləri üzrə danışıqlar aparılır. Bu, həqiqətən də xarici iqtisadi əlaqələrin şaxələndirilməsi siyasətinin tərkib hissəsidir”.

Eyni zamanda ekspert balansın qorunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, mövcud saziş çərçivəsində Avropa tərəfdaşları ilə əməkdaşlığın saxlanılması texnoloji və investisiya riskləri ilə bağlıdır. Texnoloji innovasiyalar hələ də əsasən Qərb ölkələrində və qismən Çində cəmləşdiyindən, kombinə olunmuş tərəfdaşlıq formatı risklərin minimallaşdırılmasına və investisiyaların effektivliyinin artırılmasına imkan verir.

“Müxtəlif profilli, coğrafi, texnoloji və investisiya baxımından fərqli iştirakçıların multiplikativ iştirakı daha dayanıqlı əməkdaşlıq modeli formalaşdırır”, - deyə ekspert bildirib.

Bunların post-karbohidrogen dövründə gəlirlərin şaxələndirilməsi strategiyasının bir hissəsi olub-olmaması barədə suala münasibət bildirən İ.Əhmədov qeyd edib ki, son illərdə fondun aktivlərinin əhəmiyyətli artımı əsasən qızıl bazarında əlverişli konyunktura ilə bağlı olub:

“Lakin bu amildən həddindən artıq asılılıq risklər yaradır, çünki qiymət korreksiyası ehtimalı mövcuddur”.

Bu baxımdan ekspert onların daha riskli kateqoriyaya aid olmasına rəğmən alternativ istiqamətlərin - o cümlədən səhmlərə, infrastruktur və logistika layihələrinə investisiyaların vacibliyini vurğulayır,

Onun sözlərinə görə, fondun aktiv strukturunda səhmlərə və digər bazar alətlərinə yatırımlar hazırda qızıl və dövlət qiymətli kağızlarından sonra üçüncü yeri tutur, lakin strateji baxımdan onların rolu artacaq.

“Beləliklə, Ərəb Enerji Fondu və CVC DIF ilə tərəfdaşlıq SOFAZ-ın ümumi strategiyasına uyğundur: bu, həm coğrafi, həm də alət baxımından şaxələndirməni nəzərdə tutur və daha yüksək gəlirli, hərçənd daha riskli investisiyaların payının mərhələli şəkildə artırılmasına xidmət edir. Nəticə etibarilə belə siyasət uzunmüddətli perspektivdə fondun dayanıqlı və daha yüksək gəlirliliyinin təmin olunmasına yönəlib”, - deyə İ.Əhmədov fikrini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti