...

Wartsila şirkəti Azərbaycanda yeni texnologiyalar tətbiq edəcək

Energetika Materials 19 Oktyabr 2006 16:45 (UTC +04:00)

Finlandiyanın Wartsila şirkəti Səngəçalda modul elektrik stansiyasının qazdan mazuta və əksinə keçməsinin yeni texnologiyasını təklif edib ki, bu da həmin prosesi xeyli sürətləndirəcək. Daha əvvəl şirkət bu proses üçün 24 saat təklif edirdi. Hazırda həmin vaxt yarım saatadək azaldılıb. Bu barədə Trend ə "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

Bundan əvvəl SC-nin prezidenti Etibar Pirverdiyev qeyd edib ki, Səngəçal rayonunda enerji generasiya edən yeni obyektlərin inşası Abşeron yarımadasının elektrik enerjisi ilə keyfiyyətli və fasiləsiz təminatı üçün lazımdır. Sumqayıtda və "Şimal" elektrik stansiyasında yeni buxar-qaz qurğularının inşasına baxmayaraq, problemlər qala bilər. Bu onunla izah edilir ki, paylayıcı şəbəkələrin ehtiyatları tükənib.

"Bu şəbəkələrin bəzisi artıq 25 ildən çoxdur ki, işləyir. Elə şəbəkələr də var ki, 60-a yaxın yaşı var", - deyə E.Pirverdiyev bildirib.

Bu elekrtik stansiyasının tikintisinə dair saziş ilin sonunadək imzalanacaq.

Hazırda "Azərenerji" və Finlandiyanın Wartsila şirkəti Səngəçalda - Bakıdan 50 km cənubda 300 MVt gücündə modul elektrik stansiyasının inşası haqqında yeni müqavilənin hazırlanması prosesini başa çatdırır. Bu modul elektrik stansiyası iki yanacaq növü - qaz və mazutla işləyəcək.

2005-ci ildə "Azərenerji" ümumi gücü 450 MVt olan 5 modul elektrik stansiyası sifariş edib. Bunun ikisi (Astara və Şəki rayonları) artıq istismara verilib. Yerdə qalan 3 stansiyanın inşası isə ilin sonunadək başa çatacaq. 2005-ci ildə Wartsila dünya üzrə ümumi gücü 1607 MVt, dəyəri isə 710 mln avrodan çox təşkil edən elektrik stansiyaları quraşdırıb.

Xəbər lenti

Xəbər lenti