Azərbaycan,Bakı/ Trend /2007-ci ilin əvvəlindən ABŞ Azərbaycandan 2,677 mln. barrel neft və neft məhsulları idxal edib. Bu barədə ABŞ Energetika Nazirliyinin tərkibinə daxil olan agentlik - Energetika İnformasiya Adminstarsiyasının (EİA) məlumatında bildirilib.
Agentliyin məlumatına əsasən, 2006-cı ildə ABŞ 2005-ci ildə aldığı 563 min barrelə qarşı 2006-cı ildə 10 mln. barrel Azərbaycan nefti və neft məhsulları alıb. 2004-cü ildə bu göstərici 484 min barrel təşkil edib.
Azərbaycan nefti Bakı-Supsa boru kəməri vasitəsilə Gürcüstanın Supsa limanından ixrac olunur. Hazırda bu boru kəməri təmirdədir. Təmir ilin sonuna qədər davam edəcək. Neft həmçinin Gürcüstanın Batumi Qara dəniz limanından ixrac olunur. Neft bu limana Bakıdan dəmir yolu vasitəsilə çatdırılır.
Daha bir ixrac marşrutu Bakı-Tbilisi-Ceyhan boru kəməridir. Bu boru kəməri nefti Türkiyənin Ceyhan limanına çatdırır. Bu marşrut 2005-ci ildən işləyir.
Neft məhsulları Gürcüstanın Poti və Batumi limanlarından satılır.