Bakı. Trend:
Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristalina Georgiyeva, Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Qlobal iqtisadi perspektivlər” adlı panel müzakirələrində qlobal iqtisadi tendensiyalar və çağırışlardan söz açıb.
Trend xəbər verir ki, Georgiyeva BVF-nun 2025 və 2026-cı illərə olan yenilənmiş proqnozlarını təqdim edib.
Onun sözlərinə görə, bu il dünyanın iqtisadi artımının 3.3% civarında olacağı proqnozlaşdırılır ki, bu da öncəki proqnozlarla müqayisədə bir qədər çoxdur. Bununla belə, BVF rəhbəri regional dinamikada əhəmiyyətli fərqlərin olduğunu vurğulayıb.
“Bu orta göstərici çərçivəsində biz ABŞ-nin yüksək nəticələrini görürük – bu ölkənin artım proqnozları əhəmiyyətli dərəcədə yaxşılaşaraq 2,2%-dən 2,7%-ə qalxıb. Eyni zamanda Avropanın göstəricilər heç də ürəkaçan deyil , dünyanın yerdə qalan hissəsi isə cüzi artım və ya azalmalarla müşahidə olunan qarışıq nəticələr nümayiş etdirirlər”, - deyə Georgiyeva bildirib.
ABŞ-nin güclü artımını şərh edən Georgiya, dinamik maliyyə bazarları, texnologiyaların effektiv tətbiqi və nisbətən ucuz enerji resurslarına çıxışın olması ilə şərtlənən yüksək məhsuldarlığı vurğulayıb.
“ABŞ-də məhsuldarlıq sabit şəkildə illik olaraq 1% artır. Eyni zamanda inkişaf etmiş iqtisadiyyatlar məhsuldarlıq baxımından pandemiyaya qədər 1%-dən çox , hal-hazırda isə 0.2% civarda geriləyib. İnkişaf etməkdə olan ölkələrdə məhsuldarlıq 2.5%-dən 0.7%-ə düşüb, aşağı gəlirli ölkələrdə isə 2%-dən 0% enib”, -deyə o vurğulayıb.
Georgiyeva bu qeyri-bərabərliklərin məhsuldarlığın artırılması və kapitalın səmərəli bölgüsü hesabına aradan qaldırılmasının vacibliyinə diqqət çəkib.
“Dünya nəhəng texnoloji keçid dövrünü yaşayır. Kapital ən çox fayda verə biləcəyi istiqamətə yönəldilməlidir. Ölkələr irəliləmək üçün sahibkarlıq imkanları yaratmalı və kapitaldan səmərəli istifadə etməlidirlər. Xüsusilə Avropanın rəqabətədavamlı qalması üçün, dərin və vahid maliyyə bazarlarına ehtiyac duyulur”, - deyə o qeyd edib
X: @Lyaman_Zeyn