...

Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyət göstəriciləri açıqlanıb

Yaşıl iqtisadiyyat Materials 27 İyun 2024 13:19 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

2017-ci ildən fəaliyyət göstərən və "Təmiz Şəhər" ASC-nin tərkibinə daxil olan Balaxanı Sənaye Parkına investisiyalar indiyədək ümumilikdə 53 milyon manat olub.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov Bakıda keçirilən "Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlı beynəlxalq forumda çıxışında deyib.

Onun sözlərinə görə, sənaye parkının ərazisində 229 milyon manat dəyərində məhsul istehsal etmiş 25 rezident fəaliyyət göstərir.

"Eyni zamanda, tullantıların emalı nəticəsində park ərazisində əldə edilən məhsulların 10 faizi xarici ölkələrə ixrac olunub", - deyə E.Abbasov qeyd edib.

O, parkda 1100 yeni iş yerininn açıldığını bildirib.

"Bu sənaye parkı müasir texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsulları istehsalının genişləndirilməsində və ölkəmizdə ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasında xüsusi rol oynayır", - o deyib.

E.Abbasov "Təmiz Şəhər" ASC-yə daxil olan 800 min ton tullantının bir hissəsinin Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidləndiyini, yandırıldığını və bir il ərzində bu proses nəticəsində 200 mln. kVt-saat elektrik enerjisi hasil olunduğunu əlavə edib.

Xatırladaq ki, "Təmiz Şəhər" ASC 2008-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə yaradılıb və 2009-cu ildən utilizasiya sistemləri yaratmaqla və bərk məişət tullantılarının müasir standartlara uyğun olaraq utilizasiyası yolu ilə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində işlər görür.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti