Bakı. Trend:
"Baku Harmoniya" kənd təsərrüfatı, ərzaq və su ehtiyatları sahəsində təşəbbüsləri, koalisiyaları və tərəfdaşlıqları birləşdirən mərkəzi platforma olacaq.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində keçirilən "Fermerlər üçün Baku Harmoniya iqlim təşəbbüsünün təqdimatı: İqlim dəyişikliyinə qarşı dayanıqlığın artırılması üçün fermerlərin imkanlarının genişləndirilməsi" mövzusunda tədbirdə çıxışı zamanı bildirib.
"Kənd təsərrüfatı qlobal səviyyədə əsas sektordur. Lakin kənd təsərrüfatı istehsalının önündə dayanan fermerlər iqlim dəyişiklikləri qarşısında ən həssas təbəqələrdən biridir. Onlar iqlim dəyişikliklərinin təsirini birbaşa və çox vaxt dərhal hiss edirlər. Temperaturun yüksəlməsi, qeyri-müntəzəm yağıntılar, torpağın deqradasiyası və su çatışmazlığı onların həyat tərzini təhlükə altına qoyur. Lakin qlobal iqlim dialoqlarında fermerlərə çox az diqqət yetirilir. Onlar iqlim dəyişikliklərinin təsirləri ilə ilk qarşılaşanlardır, lakin çox vaxt zəruri dəstəyi sonuncu olaraq alırlar. "Baku Harmoniya" təşəbbüsü bu vəziyyəti dəyişmək üçün sadiqliyimizi göstərir", - deyə o vurğulayıb.
Nazir qeyd edib ki, "Baku Harmoniya" təşəbbüsünün məqsədləri sadə, lakin olduqca vacibdir.
"Birincisi, biz çox vaxt parçalanmış mənzərəni izah etmək və birləşdirmək istəyirik. "Baku Harmoniya" kənd təsərrüfatı, ərzaq və su ehtiyatları sahəsində təşəbbüsləri, koalisiyaları və tərəfdaşlıqları birləşdirən mərkəzi platforma olacaq. Bu platforma fermerlərə praktik biliklər, rəqəmsal alətlərə çıxış, eləcə də dünyanın hər yerindən ən yaxşı təcrübə və innovasiyalarla mübadilə imkanı təqdim edəcək. Mərkəzləşdirilmiş bir platforma yaradaraq, fermerləri təsərrüfatları və gələcəkləri üçün əsaslı və dayanıqlı qərarlar qəbul etməyə imkan verən biliklər və bacarıqlarla təmin edirik", - deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.