Bakı. Trend:
"Baku Harmoniya" təşəbbüsü – hərəkətə çağırışdır.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində keçirilən "Fermerlər üçün Baku Harmoniya iqlim təşəbbüsünün təqdimatı: İqlim dəyişikliyinə qarşı dayanıqlığın artırılması üçün fermerlərin imkanlarının genişləndirilməsi" mövzusunda tədbirdə çıxışı zamanı bildirib.
"Azərbaycan milli səviyyədə strategiyaların həyata keçirilməsində əhəmiyyətli nailiyyətlər əldə edib, lakin biz başa düşürük ki, iqlim dayanıqlılığı ümumi bir vəzifədir. Qlobal tərəfdaşlarla işləyərək, daha çox investisiya cəlb edə, təcrübələrimizi bölüşə və kənd təsərrüfatı üçün dayanıqlı bir gələcək yarada bilərik.
Sonda qeyd etmək istəyirəm ki, fermerlər üçün "Baku Harmoniya" iqlim təşəbbüsü sadəcə yeni bir təşəbbüs deyil. Bu, hərəkətə çağırışdır. Bu, dünyanı qidalandıran fermerlərin zamanımızın ən böyük çağırışına hazır olmasını təmin etmək öhdəliyidir. Beynəlxalq əməkdaşlıq, hədəfli investisiyalar və xüsusilə qadınlar və gənclər daxil olmaqla, kənd icmalarımızın dəstəyinə daimi diqqət vasitəsilə Nizami Gəncəvinin çoxdan arzuladığı harmoniya – insanlar, təbiət və cəmiyyət arasında harmoniya – yaratmaq mümkündür. Gələcək nəsillərə buraxacağımız dünyada bu baxışı reallaşdırmaq və harmoniyanı təmin etmək üçün birlikdə çalışaq", - deyə o vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.