Bakı. Trend:
"Baku Harmoniya" fərqli təşəbbüsləri, koalisiyaları, şəbəkələri və tərəfdaşlıqları iqlim dəyişikliyinə qarşı dayanıqlığı artırmaq məqsədilə fermerlərin, kəndlərin və kənd icmalarının səylərini gücləndirmək üçün ümumi məqsəd ətrafında birləşdirəcək.
Trend xəbər verir ki, bu barədə COP29 Fəaliyyət Gündəliyi qrupunun həmsədri Jalə İbrahimova COP29 çərçivəsində keçirilən "Fermerlər üçün Baku Harmoniya iqlim təşəbbüsünün təqdimatı: İqlim dəyişikliyinə qarşı dayanıqlığın artırılması üçün fermerlərin imkanlarının genişləndirilməsi" mövzusunda tədbirdə bildirib.
"Kənd təsərrüfatı iqlim dəyişikliyi ilə mübarizədə həll yollarının əsas hərəkətverici qüvvəsinə çevrilmə potensialına malikdir. Torpaq idarəetməsində dayanıqlı metodların təşviqindən suyun istifadəsinin səmərəliliyinin artırılmasına qədər, kənd təsərrüfatı iqlim üçün transformasiyaedici qüvvə ola bilər. Məhz buna görə kənd təsərrüfatı son Konfranslar (COP26) zamanı əhəmiyyətli rol qazanmışdır.
COP29 çərçivəsində biz bu dinamikanı davam etdirərək, daha böyük təsir üçün uyğunluq, koordinasiya və təcrübə mübadiləsini artıracaq "Baku Harmoniya" təşəbbüsünü qürurla təqdim edirik. Bu təşəbbüs COP29 Fəaliyyət Proqramı çərçivəsində fərqli təşəbbüsləri, koalisiyaları, şəbəkələri və tərəfdaşlıqları iqlim dəyişikliyinə qarşı dayanıqlığın artırılması məqsədilə fermerlərin, kəndlərin və kənd icmalarının səylərini gücləndirmək üçün ümumi məqsəd ətrafında birləşdirəcək.
Ötən həftə biz FAO ilə bu təşəbbüsün irəliləyişini daha da dəstəkləmək üçün bir niyyət məktubu imzaladıq. Bu inklüziv təşəbbüs vasitəsilə biz yalnız cari iqlim problemlərini həll etmək deyil, həm də uzunmüddətli dayanıqlığa, ərzaq təhlükəsizliyinə, kənd yerlərinin inkişafına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün inteqrasiya olunmuş bir sistem yaratmağı hədəfləyirik", - deyə o qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.