Bakı. Trend:
Burkina Faso 2030-cu ilə qədər istixana qazı emissiyalarını 29,42 faiz azaltmağı planlaşdırır.
Trend xəbər verir ki, bunu Burkina Fasonun ətraf mühit, su ehtiyatları və sanitariya naziri Rocer Baro COP29 sammitində milli bəyanatla çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, iqlim şərtləri və təhlükəsizlik təhdidləri ilə bağlı çətinliklərə baxmayaraq, Burkina Faso dayanıqlılığını qoruyur və emissiyaların azaldılması ilə bağlı hədəflərə çatmaq üçün iddialı səylər göstərir. Bu planın ümumi dəyəri 4,1 milyard ABŞ dolları olaraq qiymətləndirilir.
"Həmçinin 2024-2028-ci illər üzrə Milli Uyğunlaşma Planını həyata keçirmək vacibdir. Bu plan yerli icmaların və ekosistemlərin dayanıqlığını gücləndirəcək. Planın dəyəri 5 milyon ABŞ dollarıdır", - deyə nazir əlavə edib.
R. Baro bildirib ki, Burkina Fasoda iqlim dəyişikliyi ilə mübarizə üçün milli monitorinq, hesabatlılıq və təsdiqləmə sisteminin yaradılması, habelə 2050-ci ilə qədər uzunmüddətli aşağı karbonlu inkişaf strategiyasının qəbul edilməsi də daxil olmaqla bir sıra mühüm qanunvericilik və institusional addımlar atılıb.
"Burkina Faso iqlim problemlərinin həllinə yönəlmiş beynəlxalq təşəbbüsləri, məsələn, Səhraaltı regionda iqlim təhlükəsizliyi üzrə Bamako Bəyannaməsi və miqrasiya, ətraf mühit və iqlim dəyişiklikləri ilə bağlı Kamapala Nazirlər Bəyannaməsini fəal şəkildə dəstəkləyir", - deyə o vurğulayıb.
Nazir həmçinin beynəlxalq ictimaiyyəti maliyyələşdirmə, texnologiyaların transferi və iqlim dəyişikliyi ilə mübarizə üçün potensialın artırılmasını özündə ehtiva edən aktiv tədbirlər görməyə çağırıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.