...

Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının mühüm sektorudur - Nazir

Yaşıl iqtisadiyyat Materials 19 Noyabr 2024 13:40 (UTC +04:00)
Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının mühüm sektorudur - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının mühüm sektorudur.

Trend xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 Prezidentliyinin mətbuat konfransında çıxışı zamanı deyib.

"Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının mühüm sektorudur, ÜDM artımına təkan verir, kəndlərin dolanışıq vasitələrini dəstəkləyir və milli ərzaq təhlükəsizliyini qoruyur", - o bildirib.

O qeyd edib ki, son onillikdə Azərbaycan kənd təsərrüfatı sektorunun modernləşdirilməsi, texnologiyaya sərmayə qoyuluşu, davamlı təcrübələrin təşviqi və yüksək dəyərli məhsullara diqqət yetirməklə istehsalın şaxələndirilməsi sahəsində diqqətəlayiq nailiyyətlər əldə edib.

"Azərbaycanda biz qadın fermerlərin artan iştirakını görürük. Gənclərin cəlb olunması, insan resursları imkanlarının gücləndirilməsi, tədqiqatların və innovasiyaların inkişaf etdirilməsi, su idarəetmə sistemlərinin təkmilləşdirilməsi və davamlı təcrübələri təşviq etmək üçün yaşıl subsidiya proqramlarının həyata keçirilməsi strategiyamızın əsasını təşkil edir.

Bu gün biz fermerlərin, xüsusən də qadınların və gənclərin səlahiyyətlərini genişləndirmək və qlobal əməkdaşlığı gücləndirmək üçün nəzərdə tutulmuş inklüziv platforma olan Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünü işə salmaqdan qürur duyuruq. Harmoniya biliklərin paylaşılmasına, iqlimin maliyyələşdirilməsinin asanlaşdırılmasına və kənd təsərrüfatında fermerlərin qarşılaşdıqları unikal problemlərin həllinə diqqət yetirir”,- deyə nazir bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti