Bakı. Trend:
Finlandiyanın Loviisa Atom Elektrik Stansiyasının ikinci enerji blokunda reaktor sistemlərinin nasazlığı səbəbindən elektrik istehsalı dayandırılıb.
Trend xəbər verir ki, bu barədə stansiyanın sahibi “Fortum” şirkəti məlumat yayıb. Hadisənin yerli vaxtla saat 20:55-də (Bakı vaxtı ilə 21:55) baş verdiyi qeyd olunur. Səbəblər araşdırılmaqdadır. Stansiyanın birinci enerji bloku isə normal rejimdə fəaliyyətini davam etdirir.
Bu, Finlandiyada son 24 saat ərzində fəaliyyətini dayandıran ikinci nüvə enerji blokudur. Bazar günü axşam saatlarında Olkiluoto Atom Elektrik Stansiyasının üçüncü enerji bloku da fəaliyyətini dayandırmışdı.