Bakı. Trend:
COP29 Qazaxıstan üçün dayanıqlı kənd təsərrüfatının inkişafı və iqlim dəyişikliyinə uyğunlaşma sahəsində mühüm mərhələ oldu.
Trend xəbər verir ki, bunu Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Yermek Kencexanuli "COP to COP - Aqrar-sənaye kompleksinin irsi: Qlobal iqlim hədəflərinə nail olmağın açarı" mövzusunda keçirilən tədbirdə bildirib.
"COP konfransı bizə digər regionlarla ən yaxşı təcrübələrin mübadiləsi üçün platforma təqdim etdi. Qazaxıstan metan emissiyalarının azaldılmasına xüsusi diqqət yetirir. Qlobal Emissiyaların Azaldılması Təşəbbüsü çərçivəsində biz otlaqların bərpası və orqanik əkinçilik üzrə layihələri araşdırırıq.
Artıq 4 mindən çox fermer günəş panellərindən istifadə edir, təxminən 100 təsərrüfat isə külək enerjisi sistemlərini modernləşdirib.
Həmçinin, biz ətraf mühitə minimal təsirlə yüksək məhsuldarlıq təmin edən enerjiyə qənaət edən istixanaların inkişafını dəstəkləyirik. COP29 Qazaxıstan üçün dayanıqlı kənd təsərrüfatının inkişafı və iqlim dəyişikliyinə uyğunlaşma istiqamətində mühüm mərhələ oldu.
Biz karbon izini azaltmaq və kənd təsərrüfatının dayanıqlığını artırmaq istiqamətində beynəlxalq səviyyədə fəal əməkdaşlığı davam etdiririk. Qarşıda hələ çox çağırışlar var, lakin biz əminik ki, dünya ictimaiyyəti ilə birgə iş, aqrar-sənaye sektorunun inkişafını və ətraf mühitin qorunmasını təmin edəcək", - deyə o vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.