Bakı. Trend:
İqlim məqsədlərinə nail olmaq üçün yeni kollektiv maliyyə öhdəlikləri lazımdır.
Trend xəbər verir ki, bunu Fici baş nazirinin müavini və maliyyə naziri Biman Çand Prasad Bakıda keçirilən COP29 sammitində çıxış edərkən deyib.
O qeyd edib ki, birlik olmasa, dünya üçün yeni reallıqlara keçidin öhdəsindən gəlmək daha çətin olacaq. Bu, proteksionizmin artmasına, çoxtərəfli əməkdaşlıqdan uzaqlaşmağa və hər kəsin yalnız öz maraqlarından çıxış etdiyi bir dünyanın yaradılmasına gətirib çıxara bilər.
"Biz həddi yüksəltməli və Paris sazişinin əsasını təmin etməliyik. Qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədi sadəcə şüar deyil, sağ qalmaq üçün elmi əsaslı tələbdir. Bizim birgə fəaliyyətimiz də buna əsaslanır", - o bildirib.
O, həmçinin qeyd edib ki, hazırkı səylər 2025-ci il hədəflərinin həyata keçirilməsinə hazırlığa və qlobal iqlim siyasətinin gücləndirilməsinə yönəlməlidir.
"Dünyanın 1,5°C hədəfinə çatması üçün 1,3 trilyon ABŞ dolları lazımdır. Alternativ, qeyri-stabil 3°C istiləşmə olan dünyada on trilyon dollar itki və xərcdir", - nazir əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.