...

"UN Women" ilə "Baku Harmoniya" əməkdaşlığı beş əsas istiqamətə yönələcək

Yaşıl iqtisadiyyat Materials 19 Noyabr 2024 10:33 (UTC +04:00)
"UN Women" ilə "Baku Harmoniya" əməkdaşlığı beş əsas istiqamətə yönələcək
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"UN Women" ilə "Baku Harmoniya" təşəbbüsü arasında əməkdaşlıq beş əsas istiqamətə fokuslanacaq.

Trend xəbər verir ki, bu barədə “UN Women”in iqtisadi hüquqların genişləndirilməsi şöbəsinin rəhbəri Cemima Ndzuki COP29 çərçivəsində keçirilən "Fermerlər üçün Baku Harmoniya iqlim təşəbbüsünün təqdimatı: İqlim dəyişikliyinə qarşı dayanıqlığın artırılması üçün fermerlərin imkanlarının genişləndirilməsi" mövzusunda tədbirdə deyib.

""Baku Harmoniya" bizə gender bərabərliyini təşviq etmək və qadın fermerlər üçün dünya miqyasında transformativ dəyişikliklər əldə etmək üçün unikal bir imkan təqdim edir. Bu paradiqma dəyişikliyi çərçivəsində biz qadınlara və onların təşkilatlarına sərmayələrin dayanıqlı ərzaq sistemləri və iqlim dəyişikliklərinə qarşı dayanıqlığın formalaşdırılmasına yönəlmiş sərmayələr olduğunu qəbul etməliyik. Bu sərmayələr fərdlər, ev təsərrüfatları, icmalar və ölkələr səviyyəsində fayda gətirəcək", - deyə o qeyd edib.

C.Ndzuki bildirib ki, UN Women "Baku Harmoniya" təşəbbüsü ilə əməkdaşlıq etməyə hazırdır və bu əməkdaşlıq beş əsas istiqaməti əhatə edəcək:

Birincisi, fermerlər üçün şokların təsirini azaltmaq məqsədilə sosial müdafiə sistemlərinin genderə həssas formada genişləndirilməsi vacibdir.

İkincisi, iş şəraitinin yaxşılaşdırılması və qadınlar ilə kişilər arasında əməkhaqqı fərqinin azaldılması əsas prioritetlərdən biridir.

Üçüncüsü, qadınların torpaq hüquqları da daxil olmaqla mənbələrə olan hüquqlarına zəmanət verilməlidir.

Dördüncüsü, Qadınlar və qızların üzərinə düşən ödənilməyən iş yükünün azaldılması və ədalətli şəkildə paylaşdırılması vacibdir.

Beşincisi, gender bərabərliyi, qadın hüquqlarının genişləndirilməsi, ərzaq təhlükəsizliyi və qidalanma məsələlərində hesabatlılığı təmin etmək üçün gender əsaslı məlumatların daha dəqiq və geniş şəkildə toplanması əsasdır.

"Bu beş istiqamət üzrə əməkdaşlıq bizə gender bərabərliyi və qadın hüquqlarının genişləndirilməsi məqsədinə nail olmaqda mühüm addımlar atmağa imkan verəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti