Bakı. Trend:
Kənd təsərrüfatı böyük resurslar tələb edir və "Baku Harmoniya" təşəbbüsü vasitəsilə Azərbaycan bu investisiyaları əlçatan və maksimum effektiv etməyə çalışır.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində keçirilən "Fermerlər üçün Baku Harmoniya iqlim təşəbbüsünün təqdimatı: İqlim dəyişikliyinə qarşı dayanıqlığın artırılması üçün fermerlərin imkanlarının genişləndirilməsi" mövzusunda tədbirdə çıxışı zamanı bildirib.
"Təşəbbüslərdən biri dayanıqlı kənd təsərrüfatını dəstəkləmək üçün investisiyaların səfərbər edilməsidir. Kənd təsərrüfatı böyük resurslar tələb edir və "Baku Harmoniya" təşəbbüsü vasitəsilə biz bu investisiyaları əlçatan və maksimal effektiv etməyə çalışırıq. Biz beynəlxalq təşkilatlar, dövlət və özəl maliyyə institutları, eləcə də dünya üzrə tərəfdaşlarla əməkdaşlıq edərək iqlim maliyyələşdirilməsini cəlb etmək üçün yeni alətlər və layihələr hazırlamağa diqqət yetiririk.
Bu iş COP29-dan sonra da davam edəcək, uzunmüddətli əməkdaşlıq və innovasiyaları təmin edəcək. Gələcək kənd təsərrüfatı bizim bu gün deyil, məhz bu anda necə uyğunlaşmağımızdan asılıdır. Bizim digər vəzifələrimizdən biri fermerləri, xüsusilə qadınları və gəncləri dəstəkləməkdir. Onlar kənd təsərrüfatının əsası və gələcək dayanıqlığımızın əsas hərəkətverici qüvvələridir. Kənd təsərrüfatı icmalarımızı lazımi alətlər, təlim və iqlim maliyyələşdirilməsi ilə təmin edərək, "Baku Harmoniya" fermerləri dayanıqlı metodlardan əminliklə istifadə etməyə təşviq edir", - deyə o vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.