Bakı. Trend:
Azərbaycan kənd təsərrüfatı sektoruna maliyyə dəstəyi cəlb etmək məqsədilə bir sıra beynəlxalq təşkilatlarla fəal danışıqlar aparır.
Trend xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Azərbaycan kənd təsərrüfatı sektoruna maliyyə dəstəyi cəlb etmək üçün bir sıra beynəlxalq təşkilatlarla danışıqlar aparır. İki əsas istiqamətə xüsusi diqqət yetirilir: su təchizatının yaxşılaşdırılması və müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqi.
Maliyyələşdirmənin təfərrüatları və birgə tədbirlərin razılaşdırılması üçün qarşıda əlavə görüşlər və müzakirələr gözlənilir. Azərbaycan qlobal iqlim dəyişikliyi şəraitində kənd təsərrüfatı sektorunun davamlı inkişaf nümunəsinə çevrilməsini təmin etməyə çalışır", - o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.